Fizika fakültəsinin məzunu elmi seminarda çıxış edib
17 Yanvar 2023-cü il tarixində fizika fakültəsinin elmi seminarında fakültənin məzunu, Polşanın Kielce şəhərində yerləşən Jan Kochanowski adına Dövlət Universitetinin doktorantı Şəhriyar Cəfərzadə doktorantura dissertasiyası üzrə gördüyü işlər haqqında “KXD-nin yüksək spinli rezonansları” adlı icmal məruzə ilə çıxış edib.
Şəhriyar Cəfərzadə 2015-ci ildə Fizika fakültəsinin ingilis bölməsi qrupunun ilk məzunlarından olub. 2015-ci ilin yayında CERN tərəfindən təşkil olunan 8 həftəlik "Yay Tələbə Proqramında" iştirak edib. Bu proqram ərzində Ş.Cəfərzadə CMS qrupunda Higgs zərrəciyin xassələrini öyrənən proyektdə çalışıb və aldığı nəticələr CERN-in online bazasında çap olunub. Sonra o, Italyanın Triest şəhərində yerləşən Abdus Salam adına Beynəlxalq Nəzəri Fizika Mərkəzində (ICTP) postgraduate tələbə proqramından məzun olub və təhsilini Türkiyənin İstanbul şəhərində yerləşən Mimar Sinan Güzel Sanatlar Universitetinin Fizika fakültəsinin magistraturasında davam etdirib. Ş.Cəfərzadə 2019-cu ildən etibarən doktorantura təhsilini Polşanın Kielce Şəhərində yerləşən Jan Kochanowski Universitetində davam etdirir. 2022-ci ilin sentyabr ayında Amerikanın Nyu York ştatında yerləşən Brookhaven National Laboratoriyasının Nəzəri Nüvə fizikası Labaratoriyasında 4 həftəlik təcrübə proqramı keçib. Hazırda əsas elmi maraq dairələri nəzəri yüksək enerjilər, fenomenoloji yüksək enerjilər və nəzəri nüvə fizikası sahələridir. 10 məqalənin müəllifidir.
Apardığı tədqiqatlar barədə danışan Şəhriyar Cəfərzadə qeyd edib ki, protonlar və neytronlar haqqında bizim hazırki biliklərimizə görə, onlar bir-birilə güclü qarşılıqlı təsirdə olan qvarklar, qlüonlar və onların anti-zərrəcikləri kimi elementar zərrəciklərdən ibarətdir. Həmin güclü qarşılıqlı təsir Kvant Xromodinamikası (KXD) nəzəriyyəsində öyrənilir. Tədqiqatların əsas obyektləri tenzor mezonlar (kvark və anti-kvarklardan təşkil olunmuş rezonanslar) və tenzor qlubollardır (qlüonlar və anti-qlüonlardan ibarət sistem). Ş.Cəfərzadə spini 3 olan rezonanslarin detallı öyrənildiyini, nəticələrin Amerika Fizika Cəmiyyətinin "Physics Review D" jurnalında çap olunmuş (Phys.Rev.D 103 (2021) 9, 096027) məqalədə verildiyini, KXD-nin yüksək spinli rezonansları olan tenzor mezonlar və qlubollardan bəhs edildiyini diqqətə çatdırıb. Daha sonra o, qeyd edib ki, həmin rezonansların hadronik və radioaktiv parçalanmalarını öyrənmək üçün Effektiv modellərdən istifadə olunub, effektiv modelin əsas simmetriyası olaraq isə KXD Lagranj funksiyasının əsas simmetriyaları nəzərə alınıb. Alınmış nəticələr Particle Data Group-da istifadə olunan eksperiment nəticələrini və Lattice KXD nəticələrini uğurlu şəkildə izah edir. Məruzənin ikinci hissəsində Ş.Cəfərxadə spini-2 olan mezonların öyrənilməsinin nəticələri, eləcə də KXD-nin əsas rəngdaşıyıcıları sayılan qlüonlardan təşkil olunmuş rezonanslar olan qlubolların termodinamik xassələrini izah etmək üçün istifadə edilən “Qlubol rezonans qaz modeli” haqqında məlumat verdi və həmin nəticələrin əks olunduğu məqalələrini (Phys.Rev.D 106 (2022) 3, 036008; arXiv:2212.03272 [hep-ph]) təqdim etdi.