Fizika fakültəsinin professoru Gəncə Dövlət Universitetində ustad dərsləri keçib
8 Dekabr 2023-cü il tarixində Bakı Dövlət Universiteti Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının müdiri, professor, fizika-riyaziyyat elmləri doktoru Vaqif Salmanov Gəncə Dövlət Universitetində ustad dərsləri keçib. “Lazer fizikasının son nailiyyətləri” və “Lazer şüalarının təsiri ilə layvarı A3B6 yarımkeçirici birləşmələrdə qeyri-xətti optik və qeyri-tarazlıqlı elektron proseslər” mövzusuna həsr edilən ustad dərsində universitetin Fizika və texniki fənlər fakültəsinin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev çıxış edərək professorun elmi nailiyyətlərindən, həmçinin ustad dərsinin əhəmiyyətindən danışıb. Daha sonra professor Vaqif Salmanovun çıxışı dinlənilib.
Mühazirədə lazer şüalarının fiziki əsası və işləmə prinsipi, lazerlərin növləri, tətbiq sahələri, lazer fizikasının hazırkı vəziyyəti, lazer impulsları ilə atomdakı elektronların dinamikasının öyrənilməsi, lazer fizikasının son nailiyyətləri və qeyri-xətti optik hadisələr sahəsində aparılan nəzəri və praktik tədqiqatlar, xüsusilə laylı yarımkeçirici kristallarda eksiton effekti, optik parametrlərin (udma və sındırma əmsallarının) lazer şüaları ilə dəyişməsi haqqında məlumat verilib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və tələbələrin sualları ətraflı cavablandırılıb.