Fizika fakültəsinin sabiq əməkdaşı Rəşid Mehdiyev vəfat edib.
30 Avqust 2024 22:37
Bakı Dövlət Universitetinin "Fiziki elektronika" kafedrasının sabiq əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi, dosent Rəşid Mehdiyev 2024-cü il avqust ayının 29-da dünyasını dəyişib.
Mehdiyev Rəşid Fərzəli oğlu 02 fevral 1936-cı ildə Cəbrayıl rayonunda anadan olub. 1954-cü ildə BDU-nun Fizika fakültəsinə daxil olub, 1959-cu ildə BDU-nu fizik, fizika müəllimi ixtisasları üzrə bitirib. 1960-1962-ci illərdə ARETN Fizika İnstitutunun aspirantı olub. 1964-cü ildə dissertasiya müdafiə edərək "Yarımkeçiricilər fizikası" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1971-ci ildə dosent elmi adını alıb.
1962-1967-ci illərdə ARETN Fizika İnstitutunda kiçik elmi işçi, 1967-1970-ci illərdə BDU-nun Eksperimental fizika kafedrasında baş müəllim, 1970-2016-cı illərdə BDU-nun Fiziki elektronika kafedrasında dosent vəzifələrində çalışıb. Üçqat yarımkeçirici birləşmələrin nazik təbəqələrinin fotoelektrik xassələrinin tədqiqi sahəsində elmi tədqiqatlar aparıb. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 100-ə yaxın elmi işin, 2 kitabın və 7 patentin müəllifidir. Rəşid Mehdiyev çox sayda buraxılış işlərinin və magistr dissertasiya işlərinin rəhbəri olub və elmi rəhbərliyi ilə 1 namızədlık dıssertasiya işi müdafiə edilib.
Fiziki elektronika kafedrasında işlədiyi müddətdə Rəşid Mehdiyev özünü görkəmli alim və savadlı müəllim kimi göstərib. Tələbələri hər zaman ona böyük hörmət və rəğbət hissi ilə yanaşıb, həmişə ondan dəyərli məsləhətlər alıblar. Görkəmli pedaqoq və gözəl insan olan Rəşid müəllim əməkdaşlar və tələbələr üçün nümunə olmuş, öz diqqət və qayğısını onlardan heç vaxt əsirgəməyib. O yaddaşlarda həyatsevər, təvazökar, geniş dünyagörüşünə və incə yumor hissinə malik bir insan kimi qalıb.
Rəşid Fərzəli oğlu Mehdiyevin əziz xatirəsi Fizika fakültəsinin əməkdaşlarının, dostlarının, tələbələrinin və müəllim həmkarlarının yaddaşlarında əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin.
Son XƏBƏRLƏR
18.10.2024 | 11:56
Fizika fakültəsində “Müstəqilliyin bərpası günü” qeyd olunub
18.10.2024 | 11:52
“Optika və molekulyar fizika” kafedrasının professorunun yubileyi
18.10.2024 | 09:10
18 Oktyabr – Müstəqilliyin Bərpası Günüdür
16.10.2024 | 17:26
Maddə quruluşu kafedrasında magistrantlarla görüş keçirilib
16.10.2024 | 09:35