Fizika fakültəsinin sabiq əməkdaşı Xanvəli Abdullayev vəfat edib
Bakı Dövlət Universitetinin "Maddə quruluşu" kafedrasının sabiq əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi, dosent Xanvəli Abdullayev 2024-cü il sentyabr ayının 25-də dünyasını dəyişib.
Abdullayev Xanvəli Şahvəli oğlu 04 yanvar 1936-ci ildə Ermənistan Respublikası, Sisyan rayonunun Baqudi kəndində anadan olub. 1954-1957-ci illərdə Bakı Dövlət Universitetinin, 1957-1960-cı illərdə isə Leninqrad Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. 1969-cu ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmlər namizədi elmi dərəcəsini alıb. 1968-2022-ci illərdə BDU-nun Maddə quruluşu kafedrasında işləyib. 1982-ci ildə dosent elmi adını alıb. 85 məqalənin, 6 kitabın, 2 patentin müəllifidir. Nüvə reaktorunda elmi işlər aparıb. Elmi tədqiqat sahəsi Neytronların nüvələrlə qarşılıqlı təsir effektiv kəsiklərinin qiymətləndirilməsində müxtəlif nüvə modellərinin tətbiqi olub.
Maddə quruluşu kafedrasında işlədiyi müddətdə Xanvəli Abdullayev özünü zəhmətkeş alim və savadlı müəllim kimi göstərib. Tələbələri hər zaman ona böyük hörmət və rəğbət hissi ilə yanaşıb, həmişə ondan dəyərli məsləhətlər alıblar. Tanınmış pedaqoq və gözəl insan olan Xanvəli müəllim əməkdaşlar və tələbələr üçün nümunə olub, öz diqqət və qayğısını onlardan heç vaxt əsirgəməyib. O, yaddaşlarda həyatsevər, təvazökar, geniş dünyagörüşünə malik bir insan kimi qalıb.
Xanvəli Şahvəli oğlu Abdullayevin əziz xatirəsi Fizika fakültəsinin əməkdaşlarının, dostlarının, tələbələrinin və müəllim həmkarlarının yaddaşlarında əbədi yaşayacaqdır.
Allah rəhmət eləsin.