Fizika fakültəsinin seminarında Sİ əsaslı nanokompozitlər barədə danışılıb

11 dekabr 2025-ci il tarixində Fizika fakültəsinin “Optika və molekulyar fizika” kafedrasının elmi seminarı keçirilib. Seminarda Kafedranın doktorantı Xaqan Əhmədov “SiC və polistirol əsaslı monokompozitlərin alınması” mövzusunda məruzə edib.
Məruzəçi qeyd edib ki, silisium karbid (SiC) yüksək sərtlik, istilik davamlığı və kimyəvi dayanıqlığı ilə seçilən mühüm bir keramik materialdır. Onun alınması üçün ən geniş istifadə olunan üsullardan biri Acheson metodudur və bu prosesdə silisium dioksid karbonla birlikdə 2000–2500°C temperaturda reduksiya olunur. Reaksiya nəticəsində SiO₂ karbon tərəfindən reduksiya edilərək SiC əmələ gətirir. Yüksək saflıqlı SiC əldə etmək üçün karbotermal reduksiya, kimyəvi buxar çökdürülməsi (CVD) və sol-gel kimi digər metodlara da müraciət olunur. Xüsusilə CVD üsulu elektronika sənayesində tələb olunan yüksək kristallik və təmiz materialların sintezi üçün daha uyğundur. Nanohissəcik və nanolif formasında SiC almaq üçün isə polimer prekursordan piroliz üsulu geniş tətbiq edilir. Sintez prosesində temperatur, atmosfer və karbon mənbəyi materialın fazasına və morfologiyasına birbaşa təsir göstərir. Alınan SiC yüksək aşınma davamlılığı sayəsində refrakter materiallarda, sensorlarda və mexaniki tətbiqlərdə geniş istifadə olunur. Eyni zamanda onun yüksək termal və elektrik xüsusiyyətləri SiC-i güc elektronikasında perspektivli edir. Bütün bu xüsusiyyətləri nəzərə alındıqda, SiC-in aktuallığı onun müasir energetika, yüksək performanslı cihazlar və qabaqcıl material texnologiyalarında strateji əhəmiyyətə malik bir materiala çevrilməsi ilə bağlıdır.
Seminar maraqlı müzakirələrlə və sualların cavablandırılması ilə yekunlaşıb.