Fizika fakültəsinin tələbəsinin beynəlxalq uğuru

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin II kurs tələbəsi Ayan Kərimova beynəlxalq elmi müsabiqədə uğur qazanıb!
Almaniya Akademik Mübadilə Xidməti (DAAD) və Azərbaycan Texniki Universiteti (AzTU) tərəfindən birgə təşkil olunan Falling Walls Lab Baku, Azərbaycan 2026 müsabiqəsində tələbəmiz II yerə layiq görülüb.
Ayan müsabiqədə "Breaking the Wall of Toxic Solar Cells" mövzusunda çıxış edərək, qurğuşun əsaslı perovskit günəş elementlərinin ekoloji cəhətdən təhlükəli olmasını və bunun əvəzinə qalay əsaslı perovskit materiallarından (MASnI₃) istifadənin mümkünlüyünü təqdim edib.
Tələbənin elmi rəhbəri Nanoaraşdırmalar Elmi-Tədqiqat Laboratoriyasının böyük elmi işçisi Sevinc Nuriyevadır.
Falling Walls hər il Almaniyada keçirilən və dünyanın müxtəlif ölkələrindən minlərlə gənc tədqiqatçını bir araya gətirən nüfuzlu beynəlxalq elm müsabiqəsidir. Gənc alimlərə öz elmi ideyalarını qısa müddətdə beynəlxalq münsiflər heyəti qarşısında təqdim etmək imkanı yaradan bu müsabiqə elm və innovasiya sahəsində qlobal əhəmiyyət daşıyır.