Fizika İnstitutunun professoru BDU tələbələrinə mühazirə deyib
Bakı Dövlət Universitetinin (BDU) Kimya və Fizika fakültələrinin birgə təşkilatçılığı ilə Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun Kristalloqrafiya laboratoriyasının müdiri, fizika elmləri doktoru, professor, Azərbaycan Dövlət Mükafatı və Beynəlxalq Qabaqcıl Elm Mükafatı (Frontiers Science Award) laureatı İmaməddin Əmiraslanov tələbələrə “Fonsuz həndəsi ornamentlərin tarixi, evolyusiyası, üslub və tərzləri” mövzusunda mühazirə deyib.
Araşdırmaları beynəlxalq səviyyədə tanınan iki kitab və çoxsaylı məqalələrə mövzu olan İmaməddin Əmiraslanov tessellation üslubunda qrafika rəssamlığı və xalq sənətinin simmetriya qanunları əsasında analizini tədqiq edir. Mühazirə zamanı tələbələrə Azərbaycan və qonşu ölkələrin tətbiqi xalq sənətlərinin əsas istiqamətlərindən olan həndəsi ornamentlərin təsnifatı, onların kristal quruluşlarının proyeksiyaları ilə bənzərliyi, tarixi kökləri, coğrafi yayılma məkanları, çağdaş istifadəsi, fonsuzluq prinsipi və tessellation sənəti barədə məlumatlar verilib. Tarixi nümunələr əsasında din və sənətin qarşılıqlı əlaqəsi müzakirə olunub. Həmçinin müəllifin çəkdiyi tessellation nümunələri və iki yeni xalça çeşniləri nümayiş etdirilib.
Sonda məruzəçi dinləyicilərin suallarını cavablandırıb.