“Fizika problemləri” ETİ və Fizika fakültəsinin birgə elmi seminarı keçirilmişdir
01 may 2025-ci il tarixində “Fizika problemləri” ETİ və Fizika fakültəsinin birgə elmi seminarı keçirilmişdir.
Seminarda “Biofizika” şöbəsinin III kurs dissertantı Rəhimzadə Sara Qəmbər qızı “Val-Trp dipeptidinin farmakofor modeli və təsir mexanizminin molekulyar dokinq tədqiqatları” mövzusunda məruzə etmişdir.
Məruzəçi qeyd etmişdir ki, işdə Val-Trp (Valin-Triptofan) – antihipertenziv dipeptidi molekulyar modelləşdirmə üsulu ilə tədqiq edilmişdir. AutoDock Vina proqramı vasitəsilə Val-Trp molekulu və AÇF-angiotenzin çevirici ferment arasındakı qarşılıqlı əlaqəni araşdırmaq üçün molekulyar dokinq metodundan istifadə edilmişdir. Reseptorun 3D kristal quruluşu protein məlumat bankından əldə edilmişdir. Tədqiqatda Val-Trp molekulu üçün DFT hesablamaları nəticəsində alınmış koordinatlardan istifadə olunmuşdur. Discovery Studio proqramı vasitəsi ilə reseptor-liqand qarşılıqlı təsirlərinin vizuallaşdırması və təhlili yerinə yetirilmişdir. Minimizasiya nəticəsində liqandın kompleksdəki vəziyyətləri üçün bağlanma enerjiləri (affinlik) və ortakvadratik kənara çıxmalar (rmsd) hesablanmışdır. Müəyyən olunmuşdur ki, liqand və reseptor arasında ən yaxşı bağlanma pozasının affinliyi -7.6 kkal/mol-dur. Kompleksin sabitliyini tədqiq etmək üçün vacib liqand-reseptor qarşılıqlı təsirlər vizuallaşdırılmış və təhlil edilmişdir. Hesablanmış parametrlərin əsasında belə nəticəyə gəlinmişdir ki, Val-Trp molekulu AÇF üçün potensial inhibitordur və hipertoniya xəstəliyinin müalicəsində istifadə oluna bilər. Alınmış nəticələr Val-Trp bioloji aktiv molekulun quruluş-funksiya əlaqələrinin araşdırılması üçün əsas olaraq onun daha effektiv analoqlarının dizaynında və yeni dərmanların yaradılmasında istifadə oluna bilər.
Daha sonra məruzəçi verilən sualları cavablandırmışdır.