Fizika və Hüquq fakültələrinin birgə tədbiri keçirilmişdir
Bakı Dövlət Universiteti Fizika və Hüquq fakültələrinin Tələbə Gənclər Təşkilatlarının birgə təşkilatçılığı ilə 12 aprel - Ümumdünya Aviasiya və Kosmonavtika Günü ilə əlaqədar olaraq "Kosmosun fəthi: Bu günün reallığı-Beynəlxalq kosmos hüququ" adlı onlayn tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri Firavan Əlizadə tədbir iştirakçılarını salamlayaraq tədbirin mahiyyətindən bəhs etmişdir.
Fizika fakültəsinin Sosial məsələlər üzrə dekan müavini Məhəmməd Məhərrəmov və Hüquq fakültəsinin dekan müavini Toğrul Vəliyev çıxış edərək günün əhəmiyyətini vurğulamış, kosmonavtikanın tarixi və Azərbaycan aerokosmik sənayesindən söz açmışlar.
Tədbirdə Fizika fakültəsinin Astrofizika kafedrasınin müdiri vəzifəsini icra edən Kəmalə Alışeva "Kosmosun fəthi: dünəni və bu günü" başlıqlı təqdimatla çıxış edərək iştirakçıları məlumatlandırmışdır.
Daha sonra isə Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müəllimi Novruz Mehdiyev "Beynəlxalq Kosmos Hüququ" üzrə nəzəri və praktiki məsələlərdən danışmışdır.
Tədbir diskussiya şəklində davam etmiş, tələbələrin sualları cavablandırılmışdır.