Fiziki elektronika kafedrasında elmi seminar keçirilib

15 aprel 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda kafedranın dosenti Vüsal Məmmədov “Si (SiO₂, SiC) və A²B⁶ tipli nanoquruluşlu materialların elektron xassələri” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi bildirib ki, müasir materialşünaslıqda nanoölçülü yarımkeçirici sistemlərdə müşahidə olunan kvant ölçü effektləri materialların optik və elektrik xassələrinin idarə olunmasına geniş imkanlar yaradır. Xüsusilə A²B⁶ tipli yarımkeçirici birləşmələrin (ZnO, ZnSe, CdS və s.) geniş qadağan olunmuş zona enerjisinə malik olması onların optoelektronika və fotovoltaika sahəsində tətbiqini aktuallaşdırır.
Qeyd olunub ki, müxtəlif texnoloji üsullarla – elektrokimyəvi çökdürmə, kimyəvi sintez və lazer ablyasiyası vasitəsilə alınmış nanostrukturların struktur və morfoloji xüsusiyyətləri onların optik və fotoelektrik xassələrinə birbaşa təsir göstərir. Aparılmış tədqiqatlar nəticəsində müəyyən edilib ki, ZnO, ZnSe və CdS nanostrukturlarında qadağan olunmuş zona enerjisi müvafiq olaraq 3.2–3.37 eV, 2.65–2.7 eV və 2.4–2.45 eV intervalında dəyişir və bu dəyişmə nanostruktur ölçüsündən və alınma şəraitindən asılıdır.
Məruzəçi Si əsaslı heterostrukturların tədqiqinə də toxunaraq bildirib ki, Si–CdS, Si–ZnCdO və Si–CdS–ZnCdO tipli strukturlarda aparılmış ölçmələr nəticəsində cərəyan–gərginlik xarakteristikalarının qeyri-xətti olduğu və işıqlandırma zamanı fotocərəyanın əhəmiyyətli dərəcədə artdığı müəyyən edilib. Bununla yanaşı qeyd olunub ki, SiO₂ və SiC əsaslı nanomateriallar yüksək termik sabitlik və mexaniki möhkəmlik nümayiş etdirir. Təqdim olunan tədqiqat işində həmçinin nanokompozit materiallarda nanohissəciklərin polimer matrisdə paylanmasının materialların dielektrik və termik xassələrini yaxşılaşdırdığı göstərilib və bu sistemlərin funksional materiallar kimi perspektivli olduğu vurğulanıb.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılıb, seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıbFizika fakültəsində elmi seminar keçirilib