Fiziki elektronika kafedrasında nazik təbəqələrin alınması üsulları və texnologiyaları üzrə trendlər müzakirə olunub
16 noyabr 2023-cü il tarixində Fizika fakültəsinin Fiziki elektronika kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Vüsal Məmmədov “Lazer Ablyasiya üsulu ilə ZnCdO nazik təbəqələrin alınması texnologiyası” mövzusunda məruzə edib. O, nazik təbəqələrin alınmasının mövcud texnologiyaları haqqında və onların modernləşdirilməsi barədə ətraflı məlumat verib, həmçinin Lazer Ablyasiya üsulu, onun növləri, üstünlükləri, çətinlikləri haqqında danışıb. Məruzəçi Lazer Ablyasiya üsulu ilə nazik təbəqələrin alınması zamanı prosesə təsir edən faktorlar, bu faktorların idarə edilməsi və ümumilikdə alınacaq təbəqənin məqsədəuyğun şəkildə çökdürülməsinə nəzarət mexanizmləri haqqında, daha sonra Lazer Ablyasiya üsulu ilə n-ZnCdO/p-Si heterokeçidlərinin alınması texnologiyası, götürülmüş hədəf materialı-altlıq, çökdürülməsi nəzərdə tutulan materialların pasport məlumatları və götürülmə miqdarları, istifadə edilən Lazer şüasının parametrləri, şüanın impulslarının sayı və davametmə müddətindən asılılığı, hədəf altlıq arası məsafənin təsiri və s, məsələləri ilə bağlı ətraflı məlumat verib.
Məruzə bitdikdən sonra məruzəçiyə mövzu ilə bağlı suallar verilib və məruzə ətrafında müzakirələr aparılıb. Seminarda iştirak edən Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev və Fiziki elektronika kafedrasının müdiri Əhməd Abdinov mövzunun aktuallığı, müasirliyi və xüsusilə Bakı Dövlət Universitetində belə bir texnologiyanın olmasını təqdirəlayiq hesab etdiklərini bildirdilər və bu sahədə elmi işlərin davam etdirilməsini məqsədəuyğun hesab etdilər.