Fzika fakültəsi Gənc Alimlər Şurasının seminarı keçirilib

05 may 2026-cı il tarixində Fzika fakültəsi Gənc Alimlər Şurasının növbəti elmi seminarı keçirilib. Seminarda fizika fakültəsinin fizika ixtisası üzrə III kurs tələbəsi Sevinc Quliyeva “GaSe₁₋ₓSₓ/Ge heterostrukturlarının hazırlanması və fotovoltaik tətbiqləri” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda günəş enerjisinin elektrik enerjisinə çevrilməsi prinsipləri, xüsusilə fotovoltaik effekt əsasında işləyən yarımkeçirici qurğuların iş mexanizmi geniş şəkildə izah olunub. Qeyd olunub ki, günəş elementlərində istifadə olunan materialların effektivliyi onların qadağan olunmuş zonası, optik udma qabiliyyəti və yükdaşıyıcıların yürüklüyü kimi fundamental parametrlərdən asılıdır. Məruzəçi tərəfindən GaSe₁₋ₓSₓ birləşməsinin tənzimlənə bilən qadağan olunmuş zonası və yüksək optik udma xüsusiyyətləri vurğulanıb. Bununla yanaşı, germaniumun (Ge) infraqırmızı diapazonda yüksək həssaslığı qeyd edilərək, bu iki material əsasında heterostrukturun alınmasının geniş spektrli işıq udulmasına və daha yüksək fotovoltaik səmərəliliyə imkan yaratdığı bildirilib. Seminar çərçivəsində kristalların yetişdirilmə və heterostrukturların hazırlanma texnologiyaları haqqında müzakirələr aparılıb. Xüsusilə Briçmen üsulu ilə kristal yetişdirilməsi və fiziki buxar çökdürmə (FBÇ) üsulu ilə nazik təbəqələrin alınması prosesləri izah edilib. Təqdimat zamanı GaSe₁₋ₓSₓ/Ge heterostrukturlarının optik xüsusiyyətləri, sərhəd bölgəsinin morfologiyası və kükürd konsentrasiyasının materialın xüsusiyyətlərinə təsiri də müzakirə olunub. Seminar iştirakçıları mövzu ətrafında aktiv müzakirələr aparıb, suallar ünvanlayaraq təqdim olunan nəticələrə böyük maraq göstəriblər. Tədbir gənc tədqiqatçıların elmi bilik və bacarıqlarının inkişafına, eləcə də fakültə üzrə müasir yarımkeçirici materiallar sahəsində aparılan tədqiqatların təşviqinə töhfə verib.