Gələcək fizik-mühəndislər BDU Tələbə Yaradıcılıq Mərkəzi ilə tanış olublar
Bakı Dövlət Universitetinin Fizika fakültəsində 2022-ci ildə açılmış “Mühəndis fizikası” ixtisası üzrə mütəxəssis hazırlığı davam edir. 2023-cü ildə həmin ixtisasa 22 tələbə qəbul olunub. “Mühəndis fizikası” ixtisası informasiya-kommunukasiya texnologiyasına, nüvə fizikasına, elektrotexnikaya, elektronikaya, aerokosmik mühəndisliyə, materialşünaslığa və maşınqayırmaya xüsusi diqqət ayırmaqla fizika, kimya, biologiya və mühəndislik elmlərinin elementlərini özündə ehtiva edən ixtisasdır. Ənənəvi mühəndislik ixtisaslarından fərqli olaraq mühəndis fizikası elm və texnikanın müəyyən bir sahəsi ilə məhdudlaşmır. Əksinə, mühəndis fizikası ixtisası seçilmiş peşə üzrə tətbiqi fizikanın daha ətraflı öyrənilməsi üçün nəzərdə tutulub. Bu ixtisas riyazi, elmi-statistik və mühəndslik prinsiplərini dərindən anlamaqla nəzəri biliklərlə praktik mühəndislik arasında bağlılıq yaratmağa xidmət edir. İxtisaslı mühəndis fiziklər yüksək texnologiyalı sahələrdə (optika, nanotexnologiya, materialşünaslıq, elektronika, mikrotexnologiya, mikroelektronika, hesablama texnikası, fotonika, nüvə mühəndisliyi, biofizika, energetika, maşınqayırma və s.) peşəkar fizik və ya mühəndis kimi, müxtəlif elmi və texniki sahələrdə ekspert kimi çalışa bilərlər.
“Mühəndis fizikası” ixtisasına qəbul olunmuş tələbələrin lazımi tələblərə cavab verən mütəxəssis kimi yetişməsi üçün onların nəzəri biliklərlə yanaşı, praktiki biliklərə də yiyələnməsi vacibdir. Bu məqsədlə fakültə dekanlığı tərəfindən lazımi tədbirlər görülür. Sentyabrın 20-də Fizika fakültəsinin “Mühəndis fizikası” ixtisasına qəbul olunmuş tələbələr BDU-nun Tələbə Yaradıcılıq Mərkəzində olublar. Onlara Mərkəzin strukturu, fəaliyyəti, üzərində iş gedən layihələr, əldə olunmuş uğurlar barədə məlumatlar verilib və həmin tələbələrin Mərkəzin işinə cəlb olunmaları üzrə söhbətlər aparılıb.