“Gələcəyin İnnovativ Enerji Texnologiyası” layihəsi yekunlaşıb
06 noyabr 2024-cü il tarixində, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə, Bakı Dövlət Universiteti, “ELM” İctimai Birliyi və Master Academy-nin təşkilatçılığı və tərəfdaşlığı ilə Fizika fakültəsinin 2-ci kurs doktorantı Məhəmməd Bağır Bağırovun rəhbərlik etdiyi “Gələcəyin İnnovativ Enerji Texnologiyası” layihəsinin rəsmi bağlanış mərasimi keçirilib. Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin Elmi Fəaliyyətin Təşkili və İnnovasiyalar Mərkəzinin direktoru, professor Mais Süleymanov enerji sahəsində ölkəmizdə görülən işlər və keçirilən tədbirlər barədə məlumat verərək, gənclər arasında bu cür tədbir və təlimlərin keçirilməsinin əhəmiyyətindən danışdı. Daha sonra layihə rəhbəri Məhəmməd Bağır Bağırov layihə və onun gedişi, gənclərin innovativ yanaşmaları barədə ümumi məlumat verdi. Layihənin eksperti, Bakı Dövlət Universitetinin Nanomaterialların Kimyəvi Fizikası kafedrasının müdiri, professor Maarif Cəfərov iştirakçıların bu məsələyə yenilikçi yanaşmaları və qiymətləndirmə prosesi haqqında çıxış etdi. Bakı Dövlət Universiteti Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev enerjinin hər bir dövr üçün vacibliyini vurğulayaraq, layihənin məqsədini və işini müsbət qiymətləndirdi. O, COP-29 və ölkəmizdə keçirilən digər mühüm tədbirlərin əhəmiyyəti barədə dinləyicilərə məlumat verdi. Həmçinin Fizika fakültəsinin tələbələrinin ekoloji təmiz, yenilənə bilən enerji mənbə və vasitələrinə artan marağını xüsusi vurğuladı. Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin müdir müavini, Nanoaraşdırmalar laboratoriyasının müdiri Mustafa Muradov gənclərin elmi-texniki bacarıqlarının formalaşdırılması və gözlənilən layihələrə cəlb olunmasının, gənclərdə qrupla işləmə vərdişlərinin aşılanmasının vacibliyindən danışdı.
Ardınca, Bakı Dövlət Universitetinin Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin elmi işçisi, Fizika fakültəsinin doktorantı və layihənin təlimçisi Orxan Güləhmədov çıxış etdi.
Bağlanış mərasimində iştirakçılar sertifikatlarla təltif olundu. Layihə iştirakçılarının proyektlərinin qiymətləndirilməsi barədə məlumat verildi və qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldı.