Gender bərabərliyi və məişət zorakılığına dair dəyirmi masa keçirilib
BDU Fizika fakültəsinin 2025-ci il sosial istiqamətdə tədbirlər planına uyğun olaraq 29 aprel 2025-ci il tarixində Fizika fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Gender bərabərliyi və məişət zorakılığı” mövzusunda dəyirmi masa keçirilib. Mövzu üzrə əsasən tələbələrin öz düşüncələrini bildirməsinə imkan yaradılıb. Tədbirdə əvvəlcə Fizika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov mövzu üzrə qısa məlumat verdi. O, bildirdi ki Azərbaycanda gender bərabərliyinin təmin olunması üzrə qanunvericilik ən yüksək standartlar səviyyəsindədir. Ümumiyyətlə, qadına hörmət islam dinində, əsas kitabımız olan Quranda tam öz əksini tapıb. Qadınlara seçmək və seçilmək hüququnun verilməsi Azərbaycanda bir çox ölkələrdən xeyli əvvəl baş verib. Lakin, bu cür məsələlərin tam həllini tapması üçün qanunların olması kifayət etmir, burda insanların uzun illər formalaşmış həyat tərzi, düşüncələri, dövrün tələblərinə uyğun dəyişə bilmələri də mühüm rol oynayır. Eyni zamanda, verilən hüquqların qadınlar tərəfindən düzgün qəbuledilməsi və sui-istifadə hallarına yol verilməməsi də önəmlidir. M.Məhərrəmov qeyd etdi ki, gender bərabərliyi, feminizm və s. bu kimi təzahürlər çox vaxt Qərb dünyasının Şərq ölkələrində cəmiyyətin əsası olan möhkəm ailə institutunun çökdürülməsi məqsədi ilə istifadə etdiyi alətlərdir. Ona görə də, cəmiyyətimizin hər bir üzvü, xüsusən gənc qızlarımız kənardan “əsən yellərə” uymamalı, hər şeyi ciddi təhlil edib faydalı olanı götürməyə çalışmalıdır.
Sonra Fizika fakültəsi TGT sədri Əsma Cəbiyevə gender bərabərliyi barədə videotəqdimatla çıxış etdi. O, hüquqi məsələlər, problemlər və çıxış yolları barədə məlumat verdi. Fizika fakültəsi II kurs Fzming04 qrup tələbəsi Fidan Rzaquliyeva mövzu üzrə çıxış edərək məişət zoraklıqlarını doğuran səbəblər barədə danışdı. O, gender bərabərliyinin pozulması və məişət zorakılıqları kimi halların ölkəmizin zonalarına görə dəyişdiyini bildirdi və çıxış yolu kimi təhsilə önəm verilməsinin, qızların təhsildən yayındırılması hallarının qarşısının alınmasının vacib olduğunu diqqətə çatdırdı. Sonra müzakirələrdə həm qızlar, həm də oğlanlar maraqlı fikirlər bildirdilər. Fizika fakültəsinin tədris işləri üzrə dekan müavini Vüsal Məmmədov Azərbaycanda gender bərabərliyinin problem olmadığını diqqətə çatdıraraq, nüminə kimi Bakı Dövlət Universitetini göstərdi. O, BDU-da qadınların müxtəlif vəzifə pillələrində heç bir maneə törədilmədən uğurla fəaliyyət göstərdiyini, eyni zamanda süni şəkildə bərabərlik yaradılmasının da düzgün olmadığını qeyd etdi və tələbələrə, xüsusən qızlara belə həssas məsələlərdə diqqətli olmağı, cəmiyyətin dayaqlarına qarşı yönəlmiş təbliğatlara uymamağı tövsiyə etdi.