Heydər Əliyev və azərbaycançılıq ideologiyası adlı tədbir keçirilib
BDU Fizika fakültəsinin 2025-ci il sosial tədbirlər planına uyğun olaraq (1. Ümummilli Lider Heydər Əliyev irsinin və azərbaycançılıq ideyasının öyrənilməsi və təbliği istiqamətində tədbirlərin həyata keçirilməsi) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü ilə bağlı 07 may 2025-ci il tarixində Fizika fakültəsi Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq ideologiyası” adlı tədbir keçirilib. Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Tədbirdə giriş sözü ilə çıxış edən Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin inkişafı yolunda, milli həmrəyliyimizin təmin olunması, ölkəmizin beynəlxalq nüfuzunun artırilması istiqamətində gördüyü işlərdan danışıb. O, Heydər Əliyevin bütün fəaliyyəti boyu milli məsələyə xüsusi önəm verdiyini, milli həmrəyliyimizin formalaşması üçün əsas faktor olan Azərbaycan dilinin ölkəmizdə hakim dil kimi bərqərar olması üçün cəsarətlə mübarizə apardığını qeyd edib. Bəxtiyar Paşayev bildirib ki, 1993-cü ildə ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyevin fəaliyyətində əsas istiqamətlərdən biri də məhz azərbaycançılıq ideologiyasının genişləndirilərək, dünya azərbaycanlılarını əhatə etməsi olmuşdur. Fizika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov bildirib ki, keçmiş SSRİ dövründə Azərbaycana rəhbərlik etməyə başlayan Heydər Əliyev Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış etməklə cəmiyyətə ciddi bir mesaj verib. Həmin illərdə Azərbaycan tarixi, xalqımızın tarixi şəxsiyyətləri barədə geniş araşdırmalar aparılmış, sənət əsərləri (“Dədə Qorqud”, “Nizami”, “Nəsimi” kimi filmlər və s.) yaradılmış, ölkəmizin dünyaya tanıdılması üçün mühüm işlər görülmüş, milli həmrəyliyin ideoloji əsası olan azərbaycançılıq bir ideologiya kimi formalaşmağa başlamışdır. Məhəmməd Məhərrəmov qeyd edib ki, Heydər Əliyevin yaratdığı azərbaycançılıq ideologiyasının bəhrələrini biz 44 günlük Qarabağ savaşı zamanı müşahidə etdik – etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları torpaqlarımızın azad olunması üçün canı ilə, qanı ilə savaşdılar, bütün dünyada yaşayan azərbaycanlılar xalqımızın haqq səsinin dünya xalqlarına çatdırılması, ölkəmizə qarşı ermənilər və onların havadarları tərəfindən aparılan informasiya təbliğatının puça çıxarılması üçün səfərbər oldular. Bu ideologiyaya söykənən milli həmrəyliyimiz daima sarsılmaz olacaqdır. Daha sonra Fizika fakültəsi Yarımkeçiricilər fizikası kafedrasının müdiri professor Vaqif Salmanov Ulu Öndərlə BDU-nun laboratoriyasında baş tutmuş ilk görüşü, onun gənclərin elm və təhsilinə necə diqqət yetirməsi, həyat və fəaliyyətinin gənclərimiz üçün daima örnək olması barədə fikirlərini bölüşüb. Fizika fakültəsi I kurs tələbəsi Aygün Rəhimova “Ulu Öndər” şerini səsləndirib. Tədbirin sonunda Ümummilli Lider haqqında və fakültə tələbələrinin ürək sözlərinin yer aldığı videoçarxlar nümayiş olunub.