Kainatın əmələ gəlməsinin kvant nəzəriyyəsinə dair seminar keçirilib
18 may 2023-cü il tarixində BDU Fizika fakültəsinin elmi seminarı keçirilib. Seminarda BDU Elmi fəaliyyətin təşkili və innovasiya mərkəzinin müdiri, Fizika fakültəsi Maddə quruluşu kafedrasının professoru Mais Süleymanov “Kainatın əmələ gəlməsinin kvant nəzəriyyəsinin yoxlanılması - Kvark Qlyuon Plazmasının alınması, Böyük Adron Kollayderinin əsas məqsədi kimi” mövzusunda çıxış edib. Maraqlı mövzuya həsr olunmuş seminarda Fizika və Mexanika-riyaziyyat fakültələrinin müəllim və tələbələri, BDU Fizika problemləri ETİ-nin, Elm və təhsil nazirliyinin Fizika İnstitunun əməkdaşları iştirak ediblər.
Məruzəçi qeyd edib ki, müasir elmin əsas problemlərindən biri Kainatın necə əmələ gəlməsi məsələsidir. Bu problemi həll etmək üçün Böyük Partlayış Nəzəriyyəsi irəli sürülmüşdür. Bu nəzəriyyə sırf kvant nəzəriyyəsidir. Bu nəzəriyyədə nisbilik nəzəriyyəsindən istifadə olunmur. Bu nəzəriyyəyə görə Kainat təxminən 15 milyard il əvvəl boşluqda baş vermis partlayışın nəticəsində əmələ gəlmişdir. İlk əvvəl maddənin ən bəsit forması olan kvark-qlyuon plazması (KQP) yaranmış (KQP-nin gözlənilən sıxlığı adi nüvələrin sıxlığından 10 dəfə çoxdur), onun tempraturu 1012 K-dan da böyük olmuş, o, 10-6 san mövcud olmuş, soyumuş və temperatur 1012 K-yə çatarkən proton və neyrtonlar sisteminə çevrilmişdir. Bu sonuncu system 10-4 saniyə yaşamış, temperatur 109 K-yə qədər azalmış və o, yüngül nüvələr sisteminə çevrilmişdir və bu proses 3 dəqiqə çəkmişdir. Bundan sonrakı 400000 il ərzində neytral atomlar formalaşmışdır və bu zaman temperatur 4000 K olmuşdur. Daha sonrakı 109 il ərzində temperatur 20-3 K arasında azalmış və ilk ulduzlar, ağır kütləli elementlər və Yer Kürəsi əmələ gəlmişdir. Bu nəzəriyyənin doğruluğunu sübut etmək üçün laboratoriya şəraitində KQP almaq lazımdır. 50 ilə yaxındır ki, alimlər laboratoriya şəraitində KQP almağa çalışırlar. Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN, İsveç) Böyük Adron Kollayderində həlli gözlənilən problemlərdən biri də məhz KQP almaqdır. Bu məqsəd üçün ağır qurğuşun nüvələri işıq sürətinə yaxın sürətə qədər sürətləndirilib toqquşdurulurlar. Toqquşma nöqtəsində sıxlığın sıçrayışla artacağı və KQP-nin yaranması üçün lazım olan şəraitin əmələ gələcəyi gözlənilir. Bu günkü məruzədə BAK-da KQP-nin axtarılması (müəllifin iştirakı ilə) sahəsində son nəticələr müzakirə edilib. Təqdim olunan məlumatlar seminar iştirakçılarının ciddi marağına səbəb oldu və maraqlı müzakirələr aparıldı.