“Kvant nöqtəsində zonadaxili optik keçidlər” mövzusunda seminar keçirilib
14 oktyabr 2025-ci il tarixində Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının növbəti Elmi seminar keçirilib. Seminarda kafedranın II kurs magistrantı Günay Arif qızı Yusibli “Kvant nöqtəsində zonadaxili optik keçidlər” mövzusunda məruzə edib.
Məruzəçi bildirib ki, aşağıölçülü yarımkeçirici sistemlər fizikasının əsas obyektlərindən biri kvazisıfır ölçülü sistemlər olan kvant nöqtələridir. Çoxsaylı tədqiqatlar göstərir ki, kvant nöqtələrinin aktiv mühit kimi müxtəlif elektron cihazlara tətbiqi kvant çuxurlu həmin cihazlara nisbətən onların fiziki xassələrinin yaxşılaşmasına səbəb olur.
Tədqiqat işində düzbucaqlı paralelepiped şəklində olan kvant nöqtəsində zonadaxili optik keçidlər öyrənilib. Optik keçidlərin matris elementləri hesablanıb, seçmə qaydaları və keçid ehtimalının işıq dalğasının polyarlaşma istiqamətindən asılılığı müəyyən edilib. Tapılıb ki, düzbucaqlı paralelepiped formasında olan kvant nöqtəsində elektronun zonadaxili optik keçidləri yalnız bir kvant ədədinin dəyişməsi ilə baş verə bilər. Bundan başqa təyin olunmuşdur ki, elektronun zonadaxili optik keçidləri fərqli cütlüyə malik olan kvant halları arasında mümkündür. Zonadaxili optik keçidlərdə koordinatın matris elementləri kvant nöqtəsinin ölçülərindən xətti asılıdır. Göstərimişdir ki, birölçülü kvant çuxurundan və kvant məftilindən fərqli olaraq kvant nöqtəsində zonadaxili optik keçidlər işıq dalğasının polyarlaşma vektoru ixtiyari istiqamətdə olduqda mümkün olur.
Seminarın sonunda məruzə ətrafında müzakirələr aparılaraq, seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.