Maddə quruluşu kafedrasında elmi seminar keçirilib
15 dekabr 2023-cü il tarixində Fizika fakültəsi Maddə quruluşu kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın professoru Sacidə Əbdülvahabova “Anizotropik kosmoloji modeldə neytrinolarin ossilyasiyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd edib ki, anizotrop kosmoloji modeldə fiziki proseslərin və Kainatın genişlənməsinin dinamikasını təyin edən amil temperaturun çox aşağı düşdüyü anda kəskin anizotrop genişlənmə zamanı bütün növ neytrinolarla və antineytrinolarla əlaqəli proseslərin demək olar ki, baş verməməsidir. Neytrinolarla baş verən proseslər artıq sistem parametrlərinin dəyişmə sürəti ilə müqayisədə kifayət qədər yavaş baş verir və neytrinolar üçün termodinamik tarazlıq pozulur. Bu zaman neytrinoların digər hissəciklərlə və öz aralarında qarşılıqlı təsir ehtimalı azalır, neytrinolar sərbəst olur. Bu halda sıxılmanın baş verdiyi ox boyunca neytrino impulsunun komponenti "mavi" sürüşmə səbəbindən artır. Neytrinonun impulsunun paylanması kəskin anizotrop olur, sıxılma istiqamətində uzanır və hər bir neytrinonun enerjisi artır. Bu mərhələdə yüklərin qarışması nəticəsində yaranan neytrinoların ossilyasiyası baş verir. Seminarın sonunda müzakirələr aparılıb və suallar cavablandırılıb. |