Maddə quruluşu kafedrasında elmi seminar keçirilib
13 may 2025-c il tarixində Fizika fakültəsinin Maddə quruluşu kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın professoru Eldar Məsimov “Polimer-su ikifazalı sistemlər: homogen-geterogen faza keçidi və sistemin ayırdetmə qabiliyyəti” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, qarışıq halında olan mürəkkəb bioloji obyektləri (hüceyrələr, viruslar, zülallar və sair) tədqiq etmək üçün ilk növbədə onları bir-birindən ayırmaq ehtiyacı yaranır. Sözü gedən bu məsələ - bioloji obyektlərin separasiya məsələsi çox mühüm tibbi-bioloji problemlərdən biridir. Kimyəvi maddələrin bir-birindən ayrılması və təmizlənməsi üçün çoxlu sayda metodların mövcud olmasına baxmayaraq, bu üsullar bioloji materialların separasiyası üçün yaramırlar. Məsələ ondadır ki, bu metodların tətbiqi zamanı onlar üçün xarakterik olan müxtəlif faktorların təsiri nəticəsində bir-birindən ayrılmaları tələb olunan bioloji molekullar denaturasiyaya uğrayaraq öz bioloji aktivliklərini itirirlər. Albertson bioloji materialların zədələnmədən ayrılması və təmizlənməsi üçün sadə, ucuz başa gələn, laboratoriya şəraitindən biotexnoloji-sənaye şəraitinə asanlıqla köçürülə bilən, əlverişli metod işləyib hazırlamışdır. Bu metod maddələrin su-polimer ikifazalı sistemlərində qeyri-bərabər paylanmasına əsaslanmışdır.
Fazalardakı konsentrasiyaların nisbəti isə paylanma əmsalı ilə xarakterizə olunur. Ümumiyyətlə, su-polimer ikifazalı sistemlərində (SPİS) fazalara ayrılma iki müxtəlif strukturlu suyun yaranması hesabına baş verir. SPİS-in əsasını su təşkil etdiyindən, suyun strukturuna təsir edərək onu dəyişdirən amillər sistemdə fazaəmələgəlmə prosesinə və maddələrin paylanmasına bu və ya digər istiqamətdə təsir etməlidir.