Maddə quruluşu kafedrasında elmi seminar keçirilib
23 aprel 2024-cü il tarixində Fizika fakültəsinin Maddə quruluşu kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda kafedranın doktorantı Jalə Teymurova “Bir sıra qeyri-üzvi duzların PEQ-dekstran-su ikifazalı sisteminin faza diaqramına təsiri” mövzusunda məruzə ilə çıxış edib. Təqdim olunan işdə PEQ-dekstran-su ikifazalı sistemlərinin faza diaqramına bir sıra müxtəlif konsentrasiyalı qeyri-üzvi duzların təsirinə baxılıb. Müəyyən edilib ki, suyun strukturunu dağıdan duzların təsiri ilə ikifazalı sistemin kritik nöqtələrində komponentlərin (PEQ, dekstran) konsentrasiyalarının cəmi, bu kəmiyyətin ilkin sistemindəki qiymətinə nəzərən artır. Başqa sözlə, ikifazalı sistemin faza diaqramının binodalı koordinat başlanğıcından uzaqlaşır. Binodalın homogen oblastının sahəsi böyüyür.
Seminarın sonunda mövzu üzrə müzakirələr aparılıb və məruzəçi iştirakçıların suallarını cavablandırıb.