Maddə quruluşu kafedrasının elmi seminarı keçirilib
05 iyun 2023-cü il tarixində Fizika fakültəsi Maddə quruluşu kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın doktorantı Aynur Əsədova «Aqaroza hidrogelinin fiziki-kimyəvi xassələrinə bir sıra hidrofil və hidrofob təbiətli əlavələrin təsiri» mövzusunda məruzə edib.
Məruzəçi bildirib ki, tədqiqatlarda polisaxaridlərin tipik nümayəndələrindən biri olan toz şəkilli aqarozanın suda məhlulları hazırlanıb və çaxır turşusunun, kəhraba turşusunun və limon turşusunun Na duzları, izoamil spirt, NaCl, KCl, CaCl2, KBr əlavə edilməklə viskozimetrik ölçmələr aparılıb, spektrofotometrik, dielektrik və DSl xassələri tədqiq edilib. Göstərilib ki, aqarozanın suda məhlullarının gel əmələ gətirən və gətirməyən konsentrasiyalarda tədqiqi, canlı orqanizmlərin əsas tərkib hissələrində (qan, hüceyrə, toxuma, beyin maddəsi və s.) baş verən prosesləri və onların xassələrini dərindən başa düşməyə, onları modelləşdirməyə və alınan nəticələri orqan mühəndisliyində (süni əzələ, qığırdaq və s. yaradılması) tətbiq etməyə kömək edə bilər.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və suallar cavablandırılıb.