Maddə quruluşu kafedrasının elmi seminarında hidratasiya prosesinə polimerlərin təsiri müzakirə olunub
16 noyabr 2023-cü il tarixində Fizika fakültəsinin Maddə quruluşu kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedra müdiri professor Eldar Məsimov “Elektolitlərdə hidratasiya prosesinə polimerlərin təsiri” mövzusunda məruzə edib. O, qeyd edib ki, suda dissosiasiya olunmuş bir sıra duzların ionlarının hidratlaşma ədədlərinin cəminin (h1+h2) sadə yolla təyin olunmasının faydalı olduğunu nəzərə alaraq, elektrolitlərin duru məhlullarda refraktometrik metodla |1| h1+h2 kəmiyyəti hesablanıb. Müxtəlif ion cütləri üçün hidratasiya ədədi (h1+h2) kationların və anionların radiuslarından, yüklərinin səthi sıxlıqlarından asılı olaraq müxtəlif qiymətlər alır. Bu nəticə müxtəlif cüt ionların hidrofob və hidrofil hidratasiya proseslərində iştiraklarının, suyun strukturu dəyişdirmək dərəcələrinin yekun nəticəsidir. Eyni zamanda məlum olub ki, elektrolitlərin suda məhlullarına polimerlər əlavə etdikdə h1+h2 parametri azalır. Bu yəqin ki, polimerlərin müxtəlif hidrofob və hidrofil qruplarının su molekulları ilə qarşılıqlı təsirlərin nəticəsidir və ionla polimerlərin su molekulları ilə qarşılıqlı təsirlərinin bir-biri ilə rəqabətləri ilə əlaqədardır. Sonda mövzu üzrə müzakirələr aparılıb, suallar cavablandırılıb.