Maddə quruluşu kafedrasının professorunun yubileyi
Bu gün Bakı Dövlət Universitetinin Elmi Fəaliyyətin Təşkili və İnnovasiyalar Mərkəzinin direktoru, Fizika fakültəsinin Maddə quruluşu kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Mais Süleymanovun yubileyidir.
Mais Kazım oğlu Süleymanov 02 may 1953-cü ildə Bakı şəhərində anadan olub. 1960-1970-ci illərdə Bakı şəhəri Yasamal rayonu 31 saylı orta məktəbdə təhsil alıb və orta məktəbi “əla” qiymətlərlə bitirib. 1970-ci ildə BDU-nun Fizika fakültəsinə daxil olub və 1975-cı ildə həmin fakültəni fizik, fizika müəllimi ixtisası üzrə bitirib. Diplom işini 1974-1975-ci illərdə Moskva Dövlət Universitetində yerinə yetirib. 1975-1980-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasinda dissertant olub. Birləşmiş Nüvə Tədqiqatları İnstitunda (Dubna şəhəri RF) dissertasiya müdafiə edərək 1980-cı ildə fizika-riyaziyyat elmləri namizədi, 2000-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.
Mais Süleymanov müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda, Rusiya Fedarasiyası Birləşmiş Nüvə Tədqiqatlari İnstitutunda, Çex Respublikası Nüvə Fizikası İnstitunda, Pakistan İslam Respublikası İslamabad COMSATS Universitetində elmi - pedaqoji fəaliyyətlə məşğul olub. 2019-cu ildən hal-hazıradək Bakı Dövlət Universiteti Elmi Fəaliyyətin Təşkili və İnnovasiyalar Mərkəzinin direktoru, Fizika fakültəsinin Maddə quruluşu kafedrasının 0,5 ştat professorudur.
Mais Süleymanov Nüvə fizikası, yüksək enerjilər fizikası və ultrarelativistik ağır ionlar fizikası sahəsində elmi tədqiqatlar aparır. Elmi mətbuatında dərc olunmuş 500-dən çox elmi işin müəllifidir. Onlardan 400-ə qədəri yüksək impakt faktorlu jurnallarda çap olunub. Onun rəhbərliyi ilə dissertasiya müdafiə edərək 5 nəfər fizika-riyaziyyat elmləri namizədi, 1 nəfər isə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb. Mais Süleymanovun h-indeksi Web of Science elmimetrik bazası üzrə 57, Scopus elmmetric bazası üzrə 60, Google Scholar elmimetrik bazası üzrə isə 92-dir.
1999-cü ildən 2021-ci ilə qədər Avropa Nüvə Tədqiqatlari Mərkəzinin (Cenevrı İsveçrə) Alice Colloborasiyasinin, 2004-cü ildən 2014-cü ilə qədər Almaniyanın GSI (Darmşdat) Mərkəzinin Panda Collaborasiyasının üzvü olub. 1982-ci ildə Azərbaycan Respublikası Lenin Komsomolu mukafati ilə təltif edilib.
Mais Süleymanov zəhmətkeş alim, ustad pedaqoq olmaqla yanaşı, həm də incə qəlbli insan və gözəl ailə başçısıdır. Onun 1 qızı var. Həyat yoldaşı Lalə xanım təqaüddədir. Qızı Əzizə Süleymanzadə ABŞ Harvard Universitetinin Fizika fakültəsini bitirib. Fizika üzrə fəlsəfə doktorudur. Halhazırda Harvard Universitetində posdoc vəzifəsində çalışır.
Fizika fakültəsi ailəsi olaraq Mais müəllimi 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.