Magistrantlar elmi seminarda çıxış ediblər

06 aprel 2026-cı il tarixində Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasında “Fizikanın tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistrantların elmi seminarı keçirilib. Seminarda II kurs magistrantları dissertasiya mövzuları üzrə gördükləri işlər barədə çıxış ediblər.
Aysel Ağabalayeva (Elmi rəhbər: professor Yusif Nurullayev) “Kvant elektronikasında istifadə olunan işçi yarımkeçirici elementlərin termoelektrik xassələrinə Ho atomlarının təsiri” mövzusunda çıxış edərək bildirib ki, son illərdə А3В3С26 tip yarımkeçiricilər qrupuna daxil olan bərk məhlul kristalları geniş praktik tədqiq olunur. Bu tip kristallar laylı və zəncirvari yarımkeçiricilər ailəsinə daxildir. Bu sahədə praktiki və araşdırmalar üçün əsas olaraq maraq kəsb edən materiallardan biri olan A3B3C26 tip yarımkeçiricilər sinifinə daxil olan TlİnSe2 və TlİnS2 tipli bərk məhlul kristallarıdır. Bu kristalların əsas tətbiq sahəsi onların infraqırmızı oblastında işləyən optoelektron cihazların və detektorların hazırlanmasında geniş istifadə olunur. Ancaq belə materialların tətbiqi zamanı mane yaradan vacib məqamlardan biri müxtəlif təcrübi şəraitlərdə cihazların parametrlərinin gərilməsinə səbəb olan müxtəlif təbiətli struktur defektlərinin və müxtəlif təbiətli aşqarların konsentrasiyalarının yüksək olmasıdır. TlInS₂, TlGaTe₂, TlInTe₂, TlGaSe₂ və TlGaS₂ kimi xalkogenidlər unikal struktur, ferroelektrik, optik və fotoelektrik xüsusiyyətlərə malik olduqları üçün optoelektronika sahəsində böyük maraq doğurur.
Zeynəb Qəhrəmanova (Elmi rəhbər: f.r.e.d.,prof.Rauf Sərdarlı) “InGaS₂ ferroelektrik relaksator kristalının dielektrik xassələrinin öyrənilməsi” mövzusunda çıxış edib. Mövzunun aktuallığını əsaslandıran məruzəçi tədqiqatların məqsədi barədə məlumat verib. Tədqiqat obyekti kimi InGaS₂ kristalı götürülüb. Məruzəçi həmin kristalın istfadə olunduğu sahələr barədə danışıb və apardığı tədqiqatların nəticələrini təqdim edib.
Jalə Heydərli (Elmi rəhbər: professor Nadir Qəhrəmanov) “Cu₃Ga₅Se₉ birləşməsinin optik xassələrinin tədqiqi” mövzusunda dissertasiya işini təqdim edib. O, qeyd edib ki, müasir dövrdə yarımkeçirici materialların optik xassələrinin öyrənilməsi həm fundamental elmi baxımdan, həm də praktiki tətbiqlər baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan Cu₃Ga₅Se₉ tipli çoxkomponentli birləşmələr xüsusi maraq doğurur. Bu materiallar yüksək udma qabiliyyəti, uyğun enerji zonası və stabilliyi ilə seçilərək optoelektron qurğularda geniş istifadə potensialına malikdir. Tədqiqat işində Cu₃Ga₅Se₉ birləşməsinin kristal quruluşu və optik xüsusiyyətləri öyrənilib. Müəyyən olunub ki, bu tip birləşmələr əsasən xalkogenid yarımkeçiricilər sinfinə aid olub, onların kristal quruluşu mürəkkəb, lakin nizamlı struktur xüsusiyyətləri ilə xarakterizə olunur. Bu xüsusiyyətlər materialın optik davranışına birbaşa təsir edir. Aparılmış tədqiqatların nəticələri göstərir ki, Cu₃Ga₅Se₉ birləşməsi yüksək optik keyfiyyətlərə malik perspektivli yarımkeçirici materialdır. Beləliklə, bu iş yarımkeçirici materialların optik xassələrinin daha dərindən öyrənilməsinə töhfə verməklə yanaşı, yeni nəsil funksional materialların hazırlanması istiqamətində də mühüm elmi əsas yaradır.
Alsu Cəfərova (Elmi rəhbər: dosent Arif Orucov) “Mo-Ba təbəqəli sisteminin eletrofiziki xassələrinin tedqiqi” mövzusunda danışıb. O, bildirib ki, tədqiqatları bərk cisimlər fizikasının aktual istiqamətlərindən biri olan metal səthlərində adsorbsiya proseslərinin, elektron emissiyasının və səthi ionlaşma hadisələrinin öyrənilməsinə həsr edilib. Tədqiqatın əsas məqsədi molibden metalının (100) kristalloqrafik səthində barium atomlarının davranışını araşdırmaq, onların səthin elektron xassələrinə təsirini müəyyən etmək və optimal örtmə dərəcəsini təyin etmək olmuşdur. Tədqiqat zamanı molibdenin (100) kristal üzü alınıb və yüksək vakuum şəraitində təmizlənibr. Daha sonra səthə barium atomları yönəldilərək adsorbsiya prosesi həyata keçirilib Səthin vəziyyətinin diaqnostikası elektron emissiyası və səthi ionlaşma cərəyanlarının ölçülməsi vasitəsilə aparılıb. Yüksək temperaturlarda səthin birbaşa müşahidəsi çətin olduğundan emissiya cərəyanlarının analizi səthin xüsusiyyətlərini müəyyən etmək üçün effektiv üsul hesab olunur. Aparılan ölçmələr nəticəsində müəyyən edilib ki, təmiz molibden səthi üçün çıxış işi φ = 5,10 ± 0,05 eV təşkil edir. Lakin səthdə barium atomlarından ibarət monotəbəqə yarandıqdan sonra bu qiymət əhəmiyyətli dərəcədə azalaraq φ = 2,40 ± 0,05 eV olmuşdur. Bu nəticə göstərir ki, barium atomlarının adsorbsiyası elektronların səthi tərk etməsini asanlaşdırır və emissiya intensivliyini artırır. Tədqiqatın mühüm nəticələrindən biri də barium atomlarının optimal örtmə dərəcəsinin təyin edilməsidir. Alınmış nəticələr yalnız fundamental elmi maraq daşımır, həm də geniş praktik tətbiq imkanlarına malikdir.