Milli-mənəvi dəyərlərin qorunmasına dair tədbir keçirilib

10 dekabr 2025-ci il tarixində Fizika fakültəsində “Konstitusiya və suverenlik ili”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə fakültənin IV kurs tələbəsi Zəhra Bağırzadə “Milli-mənəvi dəyərlərin qorunmasının hüquqi əsasları” mövzusunda çıxış edib. Fizika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov mövzu ilə bağlı məlumat verərək günümüzün aktual məsələlərindən biri olan milli-mənəvi dəyərlərin qorunmasının dövlətimizin fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu qeyd edib və sözü Zəhra Bağırzadəyə verib. Zəhra Bağırzadə milli-mənəvi dəyərlərin qorunmasının hüquqi bazasını yaradan kontitusiya maddələrini, qanunvericiliyimizdə təsbit olunmuş müddəaları diqqətə çatdırıb,Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin çıxışlarından sitatları təqdim edib, onların bu məsələyə nə qədər önəm verdikləri barədə danışıb. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə görüşlərində dönə-dönə milli-mənəvi dəyərlərimizə sahib çıxmalı olduğumuzu, bu işdə gənclərin üzərinə böyük öhdəliklərin düşdüyünü qeyd etməsi göstərilib. Daha sonra, Zəhra Bağırzadə tariximizin formalaşdırdığı milli-mənəvi dəyərlərimizi sadalayıb, yad təsirlərin nəticəsində ailə münasibətlərində son zamanlar müşahidə olunan xoşagəlməz tendensiyalar barədə məlumat verib. Fakültədə Psixologiya fənnini tədris edən müəllim Nigar Yusifova, tədbirdə qonaq kimi iştirak edən Tarix fakültəsinin Asiya və Afrika ölkələri kafedrasının müdiri İqbal Ağayev çıxış edərək təqdim olunan mövzunun zəmanəmiz üçün kifayət qədər aktual olduğunu qeyd edib və tələbələrə tövsiyələrini veriblər. Sonda Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev hazırda narahatlıq yaradan məqamlar barədə danışıb və milli-mənəvi dəyərlərimizin qorunmasında məhz gənclərin üzərinə əsas vəzifələrin düşdüyünü qeyd edib.