Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
26 may 2025-ci il tarixində Fizika və Mexanika-riyaziyyat fakültələrinin Tələbə Gənclər və Könüllülər təşkilatlarının birgə təşkilatçılığı ilə 28 May Müstəqillik günü ilə bağlı tədbir keçirilib. Tədbirin əvvəlində iştirakçılar Azərbaycan Respublikasının Dövlət Himnini ifa ediblər. Sonra torpaqlarımızın azadlığı və müstəqilliyimiz uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Açılış nitqi ilə Mexanika-riyaziyyat fakültəsinin dekanı Ziyatxan Əliyev çıxış edib. O, Müstəqillik gününün xalqımızın qürur mənbəyi olduğu, tarixi əhəmiyyəti barədə danışıb. Fizika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Məhəmməd Məhərrəmov 1918-ci ildə müstəqil Azərbaycan cümhuriyyətini quran insanların fədakarlığı, vətən sevgisi barədə danışıb. O, 23 ay ömür sürmüş cümhuriyyətin süqutuna gətirmiş bəzi səbəbləri qeyd edib və dövlətin müstəqilliyinin qorunmasının çox çətin proses olduğunu diqqətə çatdırıb. Bu məqsədə çatmaq düzgün siyasi yanaşma tələb etdiyini bildirən M.Məhərrəmov 1993-cü ildə Ulu Öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığında da Azərbaycanın baş üzərində qara buludların dolaşdığını, müstəqilliyimizin və ərazi bütövlüyümüzün böyük təhlükə altında olduğunu, lakin mahir siyasətçi olan Heydər Əliyevin ağıllı siyasəti nəticəsində həmin təhlükələrin bir-bir aradan qaldırıldığını, Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edildiyini qeyd edib. Tədbirin davamında Fizika fakültəsinin tələbəsi Zəhra Şıxəliyeva Bəxtiyar Vahabzadənin “Azərbaycan” şerini oxuyub, Müxanika-riyaziyyat fakültəsinin tələbəsi Rübabə Əliyeva 28 May Müstəqillik Günü barədə tarixi məlumatları iştirakçıların diqqətinə çatdırıb və videoçarx nümayiş olunub. Sonra Fizika fakültəsinin tələbələri Nailə Məlikova və Zəhra Şıxəliyeva “Qurban olum Azərbaycan” mahnısını ifa ediblər. Sonda hər iki fakültənin tələbələrinin ifasında “Qarabağ” mahnısı səslənib.