Nanohissəciklərin canlı aləmə təsiri müzakirə olunub
07 dekabr 2022-ci ildə Fizika fakültəsinin elmi seminarı keçirilib. Seminarda Nanomaterialların kimyəvi fizikası kafedrasının dosenti, Nanoaraşdırmalar Elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi İsmət Əhmədov “Nanohissəciklərin bitkilərin və heyvanların orqanlarında hərəkəti, lokalizasiyası və eliminasiyası” mövzusunda çıxış edib. Məruzəçi müxtəlif nanohissəciklərin bitki və heyvan orqanları tərəfindən mənimsənilməsi, həmin orqanlarda onların yerləşməsi və xaric olunması barədə ədəbiyyat materialları və şəxsi tədqiqatlarının nəticələri ilə iştirakçıları tanış edib. O, nanohissəciklərin torpaqda yayılması, torpaqdan kök vasitəsilə, yaxud toxumlara nüfuz etməklə bitkilərə daxil olması, bitkinin yerüstü orqanlarına miqrasiyası, həmin bitkilərlə qidalanan heyvanların orqanlarına daxil olmasının zəncirvari bir proses olduğunu göstərdi və qeyd etdi ki, bu prosesin hər sonrakı mərhələsində nanohissəciklərin miqdarı azalır. Əsas məsələlərdən biri də orqanizmə daxil olmuş nanohissəciklərin eliminasiyası, yəni xaric olunması məsələsidir. Tədqiqatların əsas məqsədlərindən biri də nanohissəciklərin təbiətdə yayılmasının canlı orqanizmlər və son nəticədə insanlar üçün nə qədər riskli olmasını müəyyən etməkdir. İ.Əhmədov hazırda nanohissəciklərin tibb sahəsində uğurla tətbiq edildiyini, bu işlərin ərzaq istehsalında da öyrənilməsinin zəruriliyini nəzərə çatdırdı.