Nəzəri fizika kafedrasında elmi seminar keçirilib
-lg.jpg)
08 aprel 2026-cı il tarixində Fizika fakültəsinin Nəzəri fizika kafedrasında elmi seminar keçirilib. Seminarda BDU-da təcrübə keçən Qazaxıstanın Abay universitetinin Fizika fakültəsinin magistrantları da iştirak ediblər. Seminarda ETN Fizika İnstitutunun sabiq doktorantı Şövqiyyə Əmirova “Dəyişən kütləli sadə 1D və 3D kvadratik kvant sistemlərinin xassələrinin tədqiqi” mövzusunda çıxış edib. Məruzəçi bildirib ki, təqdim edilən işdə zamandan asılı 1D və 3D qeyri-stasionar kvadratik kvant sistemləri tədqiq edilib, onların evolyusiya operatorları qurulub. Xarici dəyişən bircins sahədə zamandan asılı kütləli zərrəcik və qeyri-stasionar harmonik ossilyator üçün evolyusiya operatorlarının zamana görə xronoloji çözülmüş aşkar şəkilləri tapılıb. Evolyusiya operatorunun köməyilə zamandan asılı kütləli qeyri-stasionar harmonik ossilyatorun və xarici dəyişən bircins sahədə zamandan asılı kütləli zərrəcik məsələsinin zamandan asılı sərbəst zərrəcik məsələsi arasında unitar əlaqə müəyyən edilib. Zamandan asılı kütləli qeyri-stasionar kvadratik kvant sistemlərin xətti və kvadratik invariantları qurulub, baxılan sistemlərin dalğa funksiyaları tapılıb. İşdə həmçinin, koordinatdan asılı kütləli xətti harmonik ossilyatorun bircins qravitasiya sahəsində dəqiq həll olunan modeli araşdırılıb, enerji spektri və uyğun dalğa funksiyaları müəyyən edilib. Bundan əlavə, kütləsi və tezliyi koordinatdan asılı xətti harmonik ossilyator modelinə də baxılıb, xarici bircins sahədə onun xassələri öyrənilib.
Məruzə barədə fikirlərini bildirən seminar iştirakçıları tədqiqatçının mövzu üzrə kifayət qədər səmərəli işlər gördüyünü qeyd ediblər. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.