Nəzəri fizika kafedrasında elmi seminar keçirilib

20 noyabr 2025-ci il tarixində Fizika fakültəsinin Nəzəri fizika kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın dosenti Vətən Bədəlov “Ümumiləşmiş tanh – formalı hiperbolik potensial: Çarmonium və bottomoniumun kütlə spektri” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, aparılmış tədqiqatlar nəticəsində ümumiləşmiş tanh - formalı hiperbolik potensial üçün dalğa tənlikləri - Şrödinger, Kleyn-Qordon və Dirak tənlikləri həll edilib, elementar zərrəciyinin bağlı hallarının enerji spektri və hiperhəndəsi polinomlarla ifadə olunan uyğun radial dalğa funksiyaları tapılıb. Belə ki, enerjinin məxsusi qiymətlərinin bir neçə fundamental potensial modelləri əhatə edən bu potensialın parametrlərindən asılılığı araşdırılıb. Həmçinin, enerji spektrinin analitik ifadəsindən istifadə edərək çarmonium və bottomoniumun kütlə spektrlərini modelləşdirmək üçün hesablanmış kütlə spektrlərinin nəticələrinin eksperimental müşahidə olunan qiymətlərlə uyğunluğu müəyyən edilib. Hesablanmış və eksperimental spektrlər arasındakı bu yaxın uyğunluq ümumiləşmiş tanh - formalı hiperbolik potensial modelin ağır kvarkonium sistemlərini təsvir etməkdə effektivliyini göstərir.