Nəzəri fizika kafedrasında seminar keçirilib
19 aprel 2023-cü il tarixində Fizika fakültəsi Nəzəri fizika kafedrasında növbəti elmi seminar keçirilib. Bu dəfəki seminarda kafedranın magistrantları çıxış ediblər. Belə ki, kafedranın II kurs magistrantı Sevda Tanrıverdi “Hiqqs bozonun üç zərrəcikli parçalanmaları: H→ Z+f+ ƒ̅ və H→W+f+ƒ̅′” mövzusunda məruzəsində qeyd edib ki, onlar tərəfindən Hiqqs bozonun H→ Z+f+ ƒ̅ və H→W+f+ƒ̅′ parçalanma kanallarının amplitudları yazılıb və kvadrata yüksəltməklə parçalanma enləri üçün ümumi düstur alınıb.
Kafedranın digər II kurs magistrantı Zümrüd İsmayılova “Vuds-Sakson və Kulon potensiallarının xətti cəmi üçün Şredinger tənliyinin ixtiyari 𝑙 halında həlli” mövzusunda məruzəsində bildirib ki, Vuds-Sakson və Kulon potensiallarının xətti cəmi üçün radial Sredinger tənliyi analitik həll edilib, radial 𝑛 və orbital 𝑙 kvant ədədlərindən asılı enerji spektri və uyğun dalğa funksiyaları tapılıb. Hesablamalar ixtiyari 𝑙 halında Vuds-Sakson və Kulon potensiallarının xətti cəminin 𝑟 = 𝑟min minimum nöqtəsi ətrafında müəyyən olunan 𝐶0, 𝐶1, 𝐶2 approksimasiya parametrləri əsasında 𝑉𝑙(𝑟) mərkəzdənqaçma və Kulon potensiallarına Pekeris yaxınlaşmasını tətbiq etməklə Nikiforov-Uvarov və Zommerfeld metodlarının köməyi ilə aparılıb.
Məruzələr maraqla qarşılanıb, kafedra əməkdaşları gənc tədqiqatçılara dəyərli tövsiyələrini veriblər.