Nəzəri fizika kafedrasında seminar keçirilib
26 aprel 2023-cü il tarixində Fizika fakültəsi Nəzəri fizika kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın “Yüksək enerjilər fizikası” ixtisaslaşması üzrə II kurs magistrantı (elmi rəhbər: Vətən Bədəlov) Sona Hüseynova “Eckart və kulon potensiallarının xətti cəmi üçün Şredinger tənliyinin ixtiyari l – halında həlli” mövzusunda dissertasiya işi barədə məruzə edib. O, qeyd edib ki, aparılan tədqiqatlarda Eckart və Kulon potensiallarının xətti cəmi üçün radial Şredinger tənliyi analitik həll edilib, radial n və orbital l kvant ədədlərindən asılı enerji spektri və uyğun dalğa funksiyaları tapılıb.
Hesablamalar ixtiyari halında Eckart və Kulon potensiallarının xətti cəminin r=rmin minimum nöqtəsi ətrafında müəyyən olunan C0, C1, C2 approksimasiya parametrləri əsasında Vl(r) mərkəzdənqaçma və Kulon potensiallarına Green-Aldrich yaxınlaşmasını tətbiq etməklə Nikiforov-Uvarov və Zommerfeld metodlarının köməyi ilə aparılıb.
Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb. İştirakçılar dissertasiya işinin yerinə yetirilməsi ilə bağlı magistranta tövsiyələrini bildiriblər.