Nəzəri Fizika kafedrasının elmi seminarı keçirilib
08 aprel 2024-cü il tarixində Fizika fakültəsi Nəzəri fizika kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın II kurs magistrantı İlyas Abuşzadə “Kiçikmiqyaslı MHD – dinamo və onun turbulent plazmada kaskadı” mövzusunda məruzə edib.
Məruzəçi bildirib ki, kiçikmiqyaslı dinamo nəzəriyyəsi təsadüfi konvektiv plazma axınlarında turbulent axının kinetik enerjisinin maqnit sahəsinin enerjisinə köçürülməsini təsvir edir. Enerjinin belə generasiyasının irimiqyaslı dinamo prosseslərdən fərqi ondan ibarətdir ki, ortalama maqnit sahəsi artmır, əksinə, ya olduğu kimi saxlanır, ya da azalır. Bu isə o deməkdir ki, kiçikmiqyaslı dinamonun xarakteristik güclənməsi ortalama sahələrin artmasından əhəmiyyətli dərəcədə çoxdur. Buna baxmayaraq astronomik müşahidələrin az olması səbəbindən bu xüsusiyyət kiçikmiqyaslı dinamo üçün daha az öyrənilmişdir. Həmçinin, Kazantsev-Kraichnan (KK) klassik kiçikmiqyaslı dinamo modelinə görə kiçik ölçülü dinamo üçün kifayət qədər böyük maqnit Reynolds nömrəsi Rm tələb olunur. Başqa sözlə, maqnit Reynolds ədədi təxminən Rm=100-ə yaxın minimal qiymətindən böyük olmalıdır, halbuki plazma fizikasında müasir laboratoriya şəraitində buna nail olmaq çətindir. Təqdim olunan işdə ən sadə maqnitohidrodinamik kaskad modellərindən istifadə olunaraq Kazantsev-Kraichnan kiçikmiqyaslı generasiyasının minimal həddinin xüsusiyyətləri öyrənilib. Nəticələr onu göstərir ki, müxtəlif modellərdə enerji generasiyalarının müqayisəsi kiçikmiqyaslı dinamo üçün minimal həddin laboratoriya şəraitində təsdiqinin mümkünlüyünü izah etməyə imkan verir.
Seminarın sonunda müzakirələr aparılıb və suallar cavablandırılıb.