Optika və molekulyar fizika kafedrasında elmi seminar
16 fevral 2023-cü il tarixində Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının elmi seminarında kafedranın doktorantı Səfərli Günel Rövşən qızı “Hilambatin molekulunun fəza quruluşunun və onun dinamikasının tədqiqi “ mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi qeyd etdi ki, hilambatin molekulu struktur xüsusiyyətlərinə və funksional təsirinə görə taxikinin neyropeptidlərinə aiddir. Bioloji fəal taxikinin sinfinə mənsub və on iki amin turşusundan ibarət olan hilambatin molekulu və onun fraqmentləri orqanizmdə bir çox mühüm funksiyaları yerinə yetirən və geniş bioloji təsirlərə malik olan peptidlərdir. O, bildirdi ki, ikiüzlü bucaqların qiymətlərinin hesablanması əsasında hilambatin molekulunun fraqmentlərinin energetik əlverişli konformasiya vəziyyətlərinin modeli qurulub.
Seminarın sonunda mövzu ilə bağlı müzakirələr aparılıb.