Optika və molekulyar fizika kafedrasında elmi seminar keçirilib
24 aprel 2025-ci il tarixində Fizika fakültəsi Optika və molekulyar fizika kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın II kurs magistrantı Gültəkin Qəribova (elmi rəhbər İradə Əliyeva) “Oktapeptid molekulunun fəza quruluşunda hidrogen rabitələrinin rolu” mövzusunda məruzə edib. O, qeyd edib ki, təqdim etdiyi işdə tirozinhidroksilaza fermentinin N-uclu tənzimləyici domeninə daxil olan və səkkiz amin turşu qalığından ibarət Pro1-Gln2-Ala3-Lys4-Gly5-Phe6-Arg7-Arg8 oktapeptid fraqmentinin fəza quruluşu, konformasiya imkanları və su mühitində molekulyar dinamikası öyrənilib. Tədqiqatda aşağıenerjili konformasiya hallarında müxtəlif növ təsir qüvvələrinib – qeyri-valent, elektrostatik, torsion və hidrogen rabitələrin enerji payları və ikiüzlü fırlanma bucaqlarının ədədi qiymətləri hesablanıb. Molekulun fəza strukturunun formalaşmasında hidrogen rabitələrin əmələ gəlməsində iştirak edən funksional qruplar müəyyən edilib və onların stabil strukturların formalaşmasında rolu təhlil edilib.
Seminarın sonunda məruzəçi sualları cavablandırıb, müzakirələr aparılıb və magistranta elmi işini başa çatdırmaq üçün dəyərli tövsiyələr verilib.