“Optika və molekulyar fizika” kafedrasının elmi seminarı keçirilib

23 dekabr 2023-cü il tarixində Fizika fakültəsi “Optika və molekulyar fizika” kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın II kurs magistrantı Aytən Əhmədova “Video yazıya görə obyektin hərəkət parametrlərinin ölçülməsində real zamanın və məsafənin müəyyən olunması metodları” mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, tədqiqatın məqsədi GPS funksiyalı videoregistratorla qeydə alınmış videolara əsasən avtomobilin trayektoriyanın müəyyən nöqtəsindəki sürətinin Google Earth vasitəsilə təyin olunması imkanlarını araşdırmaqdır. Kadrlarda TaymKod, DMS formatında koordinatlar və avtomobilin sürəti haqqında məlumatlar əks etdirilir. Kriminalistikada bu sürət göstəricilərinin real olub-olmaması yol-nəqliyyat hadisələrinin araşdırılmasında həlledici rol oynayır. GPS cihazlarının TaymKodu peyklərin atom saatı ilə sinxronlaşdırılsa da, bu sinxronlaşma davamlı deyil. DMS formatında verilmiş koordinatlar desimal formata çevrildikdə Google Earth-də müqayisəsi ciddi koordinat fərqlərini üzə çıxarır. Videodakı koordinatlar ilə Google Earth programındakı koordinatlar arasında uyğunsuzluq müşahidə olunur. Araşdırmaya əsasən, GPS cihazının özünü yeniləmə müddəti 0,54–1,54 saniyə aralığında dəyişir.
Bu səbəbdən ekranda real sürət yox, orta sürət göstərilir. Nəticə olaraq, obyektin orta sürətini hesablamaq üçün iki yenilənmə nöqtəsi arasındakı məsafə Google Earth vasitəsilə ölçülməli və bu məsafə sərf olunan zamana bölünməlidir.
Sonda müzakirələr aparılıb və suallar cavablandırılıb.