Optika və molekulyar fizika kafedrasının müdirinin yubileyi
Bu gün (11.12.2022) Bakı Dövlət Universitetinin Fizika fakültəsinin "Optika və molekulyar fizika" kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Rəna Qasımovanın yubileyidir.
Rəna Cümşüd qızı Qasımova 11 dekabr 1952-ci ildə Bakıda ziylı ailəsində anadan olub. O, 1970-ci ildə orta məktəbi "əla" qiymətlərlə bitirərək, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə daxil olub. İki ildən sonra müsabiqə yolu ilə seçilərək təhsilini davam etdirmək üçün Moskva Fizika Mühəndisləri İnstitutunun (MFMİ) "Xüsusi fizika" fakültəsinə göndərilib. 1976-ci ildə MFMİ-ni fərqlənmə diplomu ilə bitirib. 1976-1979-cu illərdə MFMİ-nin "Xüsusi fizika" fakültəsinin aspirantı olub. 1982-ci ildə MFMİ-də "Daxili faza anizotropiyaya malik 0.63 mkm dalğa uzunluğunda generasiya edən He-Ne lazerin tədqiqi" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1994-cü ildə dosent elmi adını alıb. 2003-cü ildə BDU-da "Mühitdə faza dəyişmələrini nəzərə almaqla optik dalğaların qeyri-xətti qarşılıqlı təsiri" mövzusunda dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. 2009-ci ildə professor elmi adını alıb.
Rəna Qasımova 1982-ci ildən BDU-nun Fizika fakültəsinin Ümumi Fizika və FTM kafedrasında işləməyə başlayıb. O, Ümumi Fizika və FTM kafedrasında 1985-1989-cu illərdə müəllim, 1989-1993-cü illərdə baş müəllim, 1993-2004-cü illərdə dosent, 2004-2015-ci illərdə professor vəzifələrində çalışıb. 2012-2015-ci illərdə BDU-nun Fizika fakültəsinin elmi işlər və magistratura üzrə dekan müavini, 2015-ci ildən hal-hazıra qədər isə Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının müdiridir. Rəna Qasımova eyni zamanda 2005-2021-ci illərdə Fizika fakültəsinin Elmi Şurasının katibi olub, hal-hazırda isə üzvüdür. O, 2009-2010 və 2013-2016-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Fizika üzrə Ekspert Şurasının üzvü, 2015-2017-ci illərdə Azərbaycan Respublikasının Hərbi Akademiyanın İxtisaslaşdıdılmış Şurasının üzvü olub. 2014-2015-ci illərdə BDU üzrə "SABAH" mərkəzinin rəhbəri vəzifəində çalışıb. Rəna Qasımova Amerika optik cəmiyyətinin (Optical Soc. Am. (OSA) (№ 323126, 2012), Amerika kimya cəmiyyətinin - American Chemical Society (№ 0513SAC030, 2014) və National Geographic Society (2014) beynəlxalq cəmiyyətlərinin üzvüdür.
Rəna Qasımova kvant elektronikası və qeyri-xətti optika sahəsində elmi tədqiqatlar aparır. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 200-dən çox elmi işin, 2 patentin, 1 monoqrafiyanın və 9 dərs vəsaitinin müəllifidir. Onun elmi rəhbərliyi ilə 5 nəfər fizika elm sahəsi üzrə Fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edib. Rəna Qasımova elm və təhsildə göstərdiyi xidmətlərinə görə 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı, 2009-cu ildə BDU "İlin Müəllimi" fəxri adı, 2019-cu ildə "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Rəna xanım fədakar alim, mahir pedaqoq olmaqla yanaşı, həm də incə qəlbli insan, gözəl həyat yoldaşı və gözəl anadır. Onun 2 oğlu və 3 nəvəsi var. Həyat yoldaşı Azər Kərimov və oğlu Eldar Kərimov həkimdir, digər oğlu Bilal Kərimov isə geofizikdir və BP şirkətində çalışır.
Fizika fakültəsi ailəsi olaraq Rəna xanımı 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.