Qazaxıstanlı tələbələr BDU-nun Fizika fakültəsində praktiki hazırlıq keçiblər

Bakı Dövlət Universiteti ilə Qazaxstanın Abay Universiteti arasında qurulmuş əməkdaşlıq çərçivəsində, “Fizika müəllimliyi” ixtisası üzrə təhsil alan magistrantlardan ibarət bir qrup 14–30 aprel 2026-cı il tarixlərində BDU-nun Fizika fakültəsində təcrübə proqramında iştirak edib. Bu proqram tələbələrin nəzəri hazırlığını real tədris və elmi mühitdə tətbiq etməyə imkan yaratmaqla yanaşı, onların pedaqoji və tədqiqat bacarıqlarının inkişafına, həmçinin beynəlxalq əlaqələrin genişlənməsinə xidmət edib.
Proqram müddətində iştirakçılar fakültədə aparılan dərs proseslərinə inteqrasiya olunaraq müxtəlif mühazirə, seminar və praktik məşğələlərdə iştirak ediblər. Onlar müasir fizikanın aktual istiqamətlərini əhatə edən dərsləri izləməklə yanaşı, müzakirələrdə fəallıq göstəriblər. Eyni zamanda laboratoriya şəraitində keçirilən praktiki işlərdə iştirak edərək eksperimentlərin aparılması, ölçmə nəticələrinin işlənməsi və analizi sahəsində təcrübə qazanıblar. Bu fəaliyyətlər zamanı fakültənin professor-müəllim heyəti tərəfindən onlara metodiki istiqamətləndirmə və elmi məsləhətlər verilib.
Bundan başqa, proqram iştirakçılarına Azərbaycanın ali təhsil sistemi, universitetin elmi istiqamətləri və Fizika fakültəsində həyata keçirilən tədqiqat layihələri haqqında geniş təqdimatlar keçirilib. Magistrantlar həmçinin fakültənin laborator infrastrukturu, texniki təminatı və müasir tədris yanaşmaları ilə yaxından tanış olublar.
Təcrübənin sonunda – 30 aprel 2026-cı il tarixində təşkil edilən yekun görüşdə iştirakçılar proqramdan əldə etdikləri bilik və təcrübələri bölüşüblər. Tədbirin yekununda magistrantlara proqramı müvəffəqiyyətlə tamamladıqlarını təsdiq edən sertifikatlar təqdim olunub.
Belə təşəbbüslər ali təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşməsinə, akademik mübadilənin genişlənməsinə və gələcəkdə birgə elmi layihələrin həyata keçirilməsinə mühüm zəmin yaradır.