Rumıniyanın Milli Materiallar Fizikası İnstitutunun professoru BDU-da elmi seminar keçirib

Bakı Dövlət Universitetində (BDU) “Fizikada müasir trendlər” (Modern Trends in Physics) IX Beynəlxalq konfransı çərçivəsində Rumıniyanın Milli Materiallar Fizikası İnstitutunun professoru Stefano Belluccinin elmi seminarı keçirilib.
Seminarda alim “İkiölçülü materiallardan istifadə etməklə SPR biosensorlarına yeni baxış: optik modelləşdirmədən yüksək məhsuldarlıqlı diaqnostikaya doğru” mövzusunda məruzə edərək SPR biosensorları, onların alınması, tətbiqi və gələcək perspektivləri haqda geniş məlumat verib. Çıxış zamanı dinləyicilərin nəzərinə çatdırılıb ki, SPR (Surface Plasmon Resonance) səth plazma rezonanslı biosensorlar metal səthində sındırma əmsalındakı dəyişiklikləri ölçməklə bioloji molekulların qarşılıqlı təsirlərini real vaxt rejimində və markerdən istifadə etmədən aşkar edən yüksək texnoloji optik cihazlardır. Molekulların səth plazmonları ilə qarşılıqlı təsirini və bağlılıq dinamikasını təhlil etməklə onlar yeni dərmanların alınması, tibbi diaqnostika (biomarkerlər, fərdiləşdirilmiş tibb) və qida təhlükəsizliyi (patogenlər, toksinlər) üçün mühüm əhəmiyyət daşıyır. Bu biosensorlar qızıl və ya gümüş təbəqə üzərində işıq vasitəsilə səth plazmonlarını (elektronların kollektiv rəqslərini) həyəcanlandırmaq prinsipi ilə işləyir. Hədəf molekullar səthə bağlandıqda, rezonans bucağı dəyişir və bu dəyişiklik siqnal kimi qeydə alınır, beləliklə yüksək həssas və qeyri-destruktiv analiz mümkün olur.
Professor Stefano Bellucci bildirib ki, işdə nəzərdən keçirilən bütün hallarda metal və ara təbəqənin qalınlığı, ikiölçülü materialın növü və lay sayı, eləcə də reseptor təbəqəsinin qalınlığı həssaslıq, ayırdetmə və zəifləmə arasındakı tarazlığı müəyyən edir. Əldə edilən nəticələr isə ikiölçülü materiallardan istifadə edərək plazma sensorlarının dizaynı üçün praktik parametrləri təyin edir və yaxın gələcəkdə eksperimental tətbiqə hazır olan və kütləvi istehsal üçün kompakt, selektiv platformaların hazırlanmasını asanlaşdırır.
Seminarın sonunda məruzə ətrafında geniş müzakirələr aparılıb və seminar iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.