Seminarda dissertasiya işinin müzakirəsi keçirilib
21 aprel 2025-ci il tarixində Sumqayıt Dövlət Universitetinin Təbiət elmləri fakültəsinin "Fizika" kafedrasının baş müəllimi, Milli Aerokosmik Agentliyinin sabiq doktorantı Səlimova Vəfa Vəli qızının BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya şurasının Elmi Seminarında 3361.01 - Bərk cisim elektronikası, radioelektron komponentlər, mikro və nanoelektronika ixtisası (fizika) üzrə "Pulcuqların aşağı sıxlıqlı polietilen matrisalı kompozitlərin quruluşlarına və xassələrinə təsiri" mövzusunda fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müzakirəsi keçirilib. Dissertasiya Şurasının Elmi Seminarının sədri professor Cavad Abdinov iclası açıq elan edərək 9 nəfər Seminar üzvündən 7 nəfərin iştirak etdiyinə görə Elmi Seminarın iclasının səlahiyyətli olduğunu bildirib. Vəfa Səlimova dissertasiya işinin aktuallığı, məqsədi, tədqiqat metodları, əsas elmi nəticələri haqqında iclas iştirakçılarına məruzə edib. Rəyçilər, Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun “Nano və aktiv kompozitlər fizikası” laboratoriyasının müdiri, f. e.d. Tahir İbrahimov, “Radiasiya Problemləri” İnstitutunun
“Polimer və elektroaktiv” materialların radiasiya fizikası laboratoriyasının müdiri, f.ü.f.d., dosent Məzahir Bayramov dissertasiya işinin mövzusunun aktuallığı, aparılmış tədqiqatların praktik əhəmiyyəti, alınmış nəticələrin dürüstlüyü haqqında müsbət rəylərini, irad və təkliflərini səsləndirdilər. İddiaçı rəyçilərin iradlarına münasibət bildirdi və iclas iştirakçılarının suallarını cavablandırdı. Açıq səsvermə keçirildi və iclas iştirakçıları Vəfa Səlimovanın fizika elmlər doktoru elmi dərəcəsi almağa layiq olduğuna dair yekdilliklə səs verdilər.
Qərar qəbul olundu ki, Səlimova Vəfa Vəli qızının fizikaüzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi "Pulcuqların aşağı sıxlıqlı polietilen matrisalı kompozitlərin quruluşlarına və xassələrinə təsiri" mövzusunda dissertasiya işi mövzusunun aktuallığına, məzmununa, alınmış nəticələrin elmi yeniliyinə və praktiki əhəmiyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə tam cavab verir və onun müəllifi 3361.01 - Bərk cisim elektronikası, radioelektron komponentlər, mikro və nanoelektronika (fizika) ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almağa layiqdir. Dissertasiya işini Dissertasiya Şurasında müdafiəyə təqdim etmək olar.