Təbrik edirik
Bu gün Azərbaycan Fizika elminin tanınmış nümayəndələrindən biri, Bakı Dövlət Universitetinin "Nanomaterialların kimyəvi fizikası" kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Maarif Cəfərovun 65 illik yubileyidir.
Hər bir xalqın gələcəyi onun elm və təhsilinin inkişafı ilə bağlıdır. Elm - bəşəriyyəti zirvələrə aparan işıqlı bir yoldur. O, tərəqqini təmin edən, sivilizasiyaların inkişafına istiqamət verən ən güclü mənəvi dayaqdır. Zaman keçdikcə hər şey - texnologiyalar, cəmiyyətlər dəyişir. Lakin elmin missiyası dəyişmir - insanı düşündürmək, dərk etdirmək və kamilliyə aparmaq. Təhsil bu böyük missiyanın həyata keçirilməsində əsas vasitədir - o, cəmiyyətin mənəvi sütunu, bilik və mədəniyyətin daşıyıcısıdır. Əsrlər boyu elm və təhsil birgə, bir-birini tamamlayaraq, bəşəriyyətin mənəvi simasını formalaşdırıb. Bu müqəddəs yolun davamçıları - alimlər və müəllimlər - bilikləri nəsildən-nəslə ötürməklə tarixi məsuliyyəti üzərlərinə götürmüş əsl fədailərdir. Bu şərəfli ənənəni ləyaqətlə və uğurla davam etdirən ziyalılardan biri də Maarif Cəfərovdur.
Maarif Əli oğlu Cəfərov 04 avqust 1960-cı ildə Azərbaycanın dilbər guşələrindən biri olan, füsunkar təbiəti ilə insanın qəlbini oxşayan Laçın rayonunun Minkənd kəndində anadan olub. Bu kənd təkcə səfalı təbiəti ilə deyil, həm də elə-obaya bağlı olan, böyüyün və kiçiyin yerini bilən, elmə və təhsilə böyük önəm verən mərd və saf insanları ilə də tanınır. Maarif Cəfərov məhz belə bir mühitdə, ziyalı bir ailədə - Laçın rayonunda böyük hörmət qazanmış, ömrünü gənc nəslin təlim və tərbiyəsinə həsr etmiş və bu gün də adı ehtiramla çəkilən Əli müəllimin ailəsində dünyaya göz açıb. Deyirlər ki, insanın formalaşmasında doğulub boya-başa çatdığı mühitin təsiri danılmazdır. Maarif Cəfərov isə elə bir mənzərəli diyarda dünyaya göz açıb ki, bu yerlərin təbiəti - saf havası, büllur kimi təmiz suyu, gözoxşayan füsunkarlığı insanın ruhunu oxşayır. Belə bir məkanda dünyaya göz açmaq, təbiətin saflığını içində daşımaq onun şəxsiyyətinin formalaşmasına zəmin yaradıb.
Maarif Cəfərov 1967-1977-ci illərdə Minkənd orta məktəbində təhsil alıb və orta məktəbi əla qiymətlərlə bitirib. 1977-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə daxil olub, 1982-ci ildə BDU-nu Fizik, Fizika müəllimi ixtisasları üzrə Fərqlənmə diplomu ilə bitirib. 1982-1986-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun aspirantı olub. 1989-cü ildə “Cd1-хZnxS nazik təbəqələrinin və n və p-tip СdS:Cu monokristallarının fotoelektrik xassələri” mövzusunda dissertasiya işini müdafiə edərək "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 2007-ci ildə “АIIBVI tipli bəzi birləşmələrinin monokristallarında və onların bərk məhlullarında kimyəvi çökdürülmüş təbəqələrində elektron prosesləri” mövzusunda dissertasiya işini müdafiə edərək "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. 2009-cü ildə dosent, 2010-cü ildə isə professor elmi adını alıb.
Maarif Cəfərov 1982-1991-ci illərdə Tətbiqi Fizika Elmi Tədqiqat İnstitutunda (ETİ) mühəndis, 1991-1993-cü illərdə AMEA-nın Fotoelektronika Elmi Tədqiqat İnstitutunda böyük elmi işçi, 1994-2005-ci illərdə BDU-nun Fizika fakültəsinin nəzdində Bərk cisimlər Elektronikası Elmi-Tədqiqat laboratoriyasının müdiri, 2005-2010-cü illərdə BDU-nun nəzdində Fizika Problemləri ETİ-də aparıcı elmi işçi, 2010-2023-cü illərdə BDU-nun Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasında professor vəzifələrində çalışıb. 2023-cü ildən Nanomaterialların kimyəvi fizikası kafedrasına rəhbərlik edir.
Maarif Cəfərovun elmi fəaliyəti çoxşaxəli olub, müasir fizikanın bir çox bölmələrini əhatə edir. O, yarımkeçiricilər fizikası, bərk cisim elektronikası, mikroelektronika, nanoelektronika, nanotexnologiya, bərk məhlullar əsasında nazik təbəqələrin alınma texnologiyaları sahələrində elmi tədqiqatlar aparır. Onun elmi araşdırmaları АII(III)BVI tipli bəzi birləşmələrin monokristallarının və onların bərk məhlullarının kimyəvi metodla alınmış nazik təbəqələrinin və nanohissəciklərinin elektron xassələrinin tədqiqinə, kesterit tipli Cu2Zn(Cd)SnS(Se, Te)4 birləşmələrinin kimyəvi və elektrokimyəvi üsullarla alınmış nazik təbəqələri və onların əsasında strukturlarda elektron proseslərinin öyrənilməsinə, perovskit tipli CH3NH3Pb(Sn)I(Cl)3 təbəqələrinin alınma texnologiyasının işlənilməsinə və onların struktur, optik, lüminessessiya xassələrinin tədqiqinə, lazer ablyasiya metodu ilə alınmış CdS, CdTe, CdSTe, InSe, GaS, GaSe nanohissəciklərinin, nüvə-örtük tipli strukturların, nanoheterokeçidlərin əsas xüsusiyyətlərinin hər tərəfli təhlilinə həsr olunub. O, ilk dəfə p-tip keçiricilikli CdS təbəqəsi alıb və onun əsasında p-n keçid, optik filtr, fotoqəbuledici hazırlayıb.
Maarif Cəfəovun elmi yaradıcılığında aşağıdakı elmi istiqamətlər mühüm yer tutur: AIIBVI birləşmələrinin nanoölçülü təbəqələrinin alinmasının ümumi texnoloji xüsusiyyətlərinin təhlili, ilkin reaktivlərin AIIBVI tip nazik təbəqələrinin fiziki xüsusiyyətlərinə təsirinin tədqiqi, təbəqələrin böyümə kinetikası və termik stabilliyinin araşdırılması, nanoölçülü təbəqələrin kimyəvi və elektrokimyəvi çökdürmə texnologiyasının təkmilləşdirilməsinin fiziki-kimyəvi əsasları, eləcə də təbəqələrin formalaşmasının fiziki-kimyəvi xüsusiyyətlərinin və qanunauyğunluqlarının öyrənilməsi, alınmış materialların elektrik, optik, fotoelektrik xassələrinin və bu materiallar əsasında yaradılan metal-yarımkeçirici, p-nkeçid, heterokeçid və çoxtəbəqəli strukturlarda cərəyankeçmə mexanizmlərinin tədqiqi. O, CdS, CdTe, ZnS, ZnS1-xSex, ZnS1-xTex, Zn1-xCdxS nanohissəciklərinin sulu və müxtəlif qatqılı məhlullarında, polietilenqlikol (PEQ), polivinilpirolidon (PVP), polidialildimetilammonium xlorid (PDDA) polimerlərində kimyəvi, hidro-, elektro-kimyəvi çökdürmə və lazer ablyasiya metodları ilə alınma texnologiyasının elmi əsaslarını işləyərək həyata keçirib, silisium dioksid və silisium karbid nanohissəcikləri əsasında kompozitlərin termal, optik və dielektrik xassələrini araşdırıb və nanohissəciklərin kompozitlərin xassələrinə təsir mexanizmini öyrənib. Bir sıra nanoquruluşlu təbəqələrin yüksək həssaslığının təmin edilməsi üçün optimal tərkib, alınma və termik emal rejimlərini müəyyənləşdirib; “kompleks-nanoquruluşlu təbəqə-quruluş defekti-xassə” korrelyasiyası hesabına alınmış təbəqələrin xassələrinin tətbiq olunan metodikanın digər üsullarla müqayisədə daha geniş intervalda dəyişməyə imkan verdiyini göstərib.
Maarif Cəfərov çoxillik gərgin elmi-tədqiqatlar nəticəsində bərk cisim elektronikası və nanofizika sahəsində yeni bir elmi istiqamət yaradıb: P-CdS, ZnS, CdZnS, CdS/ZnS, CdS:Cu (Mn), ZnS:Cu (Mn, Co və Cr) təbəqələri və nanohissəcikləri alaraq, onların optik və fotolyüminessensiya xüsusiyyətlərini analiz edib, fotolyüminessensiya mərkəzlərinin təbiətini müəyyən edib və mexanizmini verib. Kimyəvi metodla alınmış AIIBVI birləşmələrinin nazik təbəqələrində rekombinasiya və relaksasiya proseslərini tədqiq edib, termo, elektrotermo-, fotostimulyasiya prosesini şərtləndirən mərkəzlərin təbiətini öyrənib, nazik təbəqələrdə fotokimyəvi reaksiyaların, optoneqatron hadisələrin, o cümlədən mənfi fotokeçiricilik, mənfi qalıq keçiriciliyi, mənfi fototutum effektlərinin vahid elektron-molekulyar mexanizmini verib, nazik təbəqəli elementlərdə yaddaş və çevirmə effektlərinin fiziki-kimyəvi modelini qurub. Elektrokimyəvi üsulla alınmış Si-Zn1-xCdxS, p-Si/ZnS1-xSex, məsaməli Si/Nano-CdS, məsaməli Si/Zn1-хCdхSе və Si/CdSe/Zn1-хCdхSе heterokeçidlərin əsas xüsusiyyətlərini araşdırıb, vahid texnologiya ilə elektrokimyəvi metodla alınmış p-CdTe/Zn1-xCdxSe, Al/р-CdS-ZnSе1-xТex və CuInGaSe2 - Cd1-xZnxS heterokeçidlərdə cərəyankeçmə mexanizmlərini müəyyən edib. O, apardığı elmi tədqiqatlar nəticəsində çoxtəbəqəli strukturlardan olan Al/n-CdS/p-CdTe/CdZnS/In-də elektronların ikitərəfli injeksiyasına, Al/p-CdS/n-CdTe/CdZnS/In-də elektronların tunel yolu ilə yüksək konsentrasiyaya malik deşiklərlə rekombinasiyasına, potensial çəpərin hündürlüyünün artmasına, zəif işıqlanmada yükdaşıyıcıların toplanmasına, işıqlanma ilə idarə olunan tunel diodu və güclü işıqlanmada daha böyük foto elektrik hərəkət qüvvəsinin yaranmasına, spektral həssaslıq oblastının daha geniş olmasına, eyni kristallik quruluş, rekombinasiya cərəyanının azalmasına, düzləndirmə əmsalının daha böyük qiymətə malik olmasına, parametrlərinin stabilliyi və deqradasiya sürətinin kəskin azalmasına nail olub.
Maarif Cəfərov bir çox beynəlxalq konfranslarda məruzə ilə çıxış edərək universitetimizi və respublikamızı layiqincə təmsil edib. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 300-dən çox elmi işin, 4 müəlliflik şəhadətnaməsinin, 2 patentin və 5 kitabın müəllifidir. Rəhbərliyi ilə 5 nəfər fəlsəfə doktoru dissertasiya işini müdafiə edib. Fizika fakültəsinin Elmi Şurasının üzvüdür. 2019-cu ildə "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. 2024-cü ildə isə Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və Akademiyanın “Qızıl Ulduz” medalı ilə təltif olunub.
Alim ömrü - tamam başqa bir aləmdir, müəllim ömrü isə özünəməxsus müqəddəsliyi ilə seçilir. Ancaq həyatda yalnız Maarif müəllim kimi nadir insanlar tapılır ki, bu iki ömür yolunu birləşdirə bilsin. Belə bir vəhdət - həm biliklə zənginləşən, həm də öyrətmək eşqi ilə işıqlanan bir həyat tərzidir. Alim - həm sözün həqiqi mənasında, həm də mənəvi-ictimai anlamda müəllimdir. Ürəyində daima öyrətmək istəyi ilə alışıb-yanan, hər bir sözünü işığa çevirmək istəyən müəllim də əsl alimdir. Bu iki ali peşə arasında sərhəd çox incədir - onları birləşdirən isə zəka, fədakarlıq və kamil insanlıqdır. Doğrudan da, insanın şəxsiyyət kimi əsl dəyəri onun elmə, ziyalılığa və mənəvi kamilliyə bağlılığı ilə ölçülür. Bu çətin, məsuliyyətli, eyni zamanda son dərəcə şərəfli missiyanı öz ömrünün əsas məzmununa çevirən ziyalılar cəmiyyətin əxlaqi və intellektual sütunları kimi çıxış edirlər. Onlar yalnız bilik və təcrübə ilə deyil, həm də yüksək insani keyfiyyətləri ilə seçilir, bəşəri dəyərlərin yaşadılması və zənginləşdirilməsi naminə misilsiz xidmətlər göstərirlər. Bu keyfiyyətlər Maarif müəllimin də həyat mövqeyinin, mənəvi aləminin və fəaliyyət yolunun ayrılmaz tərkib hissəsidir.
Xeyirxahlıq, dürüstlük və mənəvi bütövlük üzərində qurulmuş bir ömür yolu yalnız sahibini deyil, bütöv bir cəmiyyəti zənginləşdirir, maarifləndirir, ilhamlandırır. Zəka və savad insanı alim edə bilər, lakin böyük şəxsiyyət olmaq üçün bundan qat-qat artıq keyfiyyətlər tələb olunur. Əsl ziyalılıq yalnız biliklə ölçülmür - o, mənəvi bütövlük, yüksək insani keyfiyyətlər, sadəlik və səmimiyyət kimi dəyərlərlə tamamlananda kamil insana çevrilir. Maarif Cəfərov məhz bu ali keyfiyyətləri öz şəxsiyyətində cəmləşdirmiş, ömür yolu ilə nümunə olmuş ziyalılardandır. Onun həyat fəlsəfəsinin mərkəzində insanlıq, ədalət və vicdan dayanır. Maarif müəllimi fərqləndirən təkcə dərin elmi bilikləri deyil, həm də çevrəsində yaratdığı inam və ehtiram mühitidir. O, insanlara qarşı münasibətində daim ədalətli, prinsipial və eyni zamanda səmimi olmuş, sadəliyi və təvazökarlığı ilə qəlblərdə yer qazanmışdır. Maarif müəllimə olan hörmət yalnız onun elmi uğurlarına deyil, həm də daxili mədəniyyətinə, mənəvi zənginliyinə, nümunəvi davranışına və əməllərinə bağlıdır. O, həyatını yalnız özünə deyil, bütöv bir cəmiyyətin mənəvi yüksəlişinə həsr etmiş əsl ziyalı və kamil bir insandır. Geniş elmi diapazona və zəngin pedaqoji təcrübəyə malik olan Maarif Cəfərov özünə və ətrafdakılarına qarşı tələbkarlığı, qayğıkeşliyi, sadəliyi və işgüzarlığı ilə elmi ictimaiyyətinin dərin hörmət və nüfuzunu qazanıb.
Əziz Maarif müəllim, Fizika fakültəsi ailəsi olaraq Sizi bu əlamətdar gün - 65 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Uğurlu və mənalı ömrünüz, elmi və pedaqoji fəaliyyətiniz, ziyalılığınız və nümunəvi şəxsiyyətinizlə qazandığınız hörmət və ehtiram daim Sizinlə olsun. Sizə möhkəm cansağlığı, uzun ömür, elmi yaradıcılıqda yeni-yeni nailiyyətlər və şəxsi həyatınızda daimi səadət arzulayırıq. Qoy ətrafınızda hər zaman Sizi sevən, Sizə dəyər verən səmimi insanlar olsun. Ömrünüzü 70-ə, 80-ə, 90-a, 100-ə,… doğru aparan yolda hər zaman bir yerdə olmaq diləyi ilə - Yubileyiniz mübarək!
Fizika fakültəsinin dekanı
Bəxtiyar Paşayev
Nəzəri fizika kafedrasının müdiri
Məmməd Rəcəbov