Təbrik edirik!
8 Avqust 2025 18:23
Bu gün xalqımızın görkəmli alimlərindən biri, Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru (2011-2020), Yarımkeçiricilər fizikası kafedrasının müdiri(1996–2011), rektorun elm və təhsil üzrə müşaviri (2020-ci ildən), Elm və Texnika sahəsində Respublika Komsomol mükafatı Laureatı(1976), Beynəlxalq Elm Fondunun Soros mükafatı laureatı(1993), Əməkdar elm xadimi(2009), “Şöhrət” ordeni laureatı(2020), fizika-riyaziyyat elmləri doktoru(1987), AMEA-nın müxbir üzvü (2014), professor(1988) Aydın Kazımzadənin 75 illik yubileyidir.
Aydın Həsən oğlu Kazımzadə 1950-ci il avqustun 8-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. 1967-cü ildə 1 saylı Ordubad şəhər orta məktəbini qızıl medalla, 1972-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini əla qiymətlərlə bitirmişdir. O, 1972–1976-cı illərdə AМЕА-nın Fizika İnstitutunda laborant vəzifəsində işləmiş, 1975-ci ildə "İnSe və GaSe monokristallarında tarazlıqda olmayan elektron prosesləri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi(fəlsəfə doktoru) adını almışdır.
Aydın Kazımzadə 1976–1979-cu illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının assistenti, 1979–1986-cı illərdə həmin kafedranın baş müəllimi, 1986–1988-ci illərdə dosenti vəzifəsində çalışmışdır. Tədqiqatçı alim 1987-ci ildə "A3B6-tipli layvari birləşmələrin elektron xassələri və onlar əsasında heterokontaktlar" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru adını almışdır. 1988–1996-cı illərdə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının professoru olan Aydın müəllim 1996–2011-ci illərdə həmin kafedranın müdiri olmuşdur. O, 2002–2011-ci illərdə eyni zamanda Respublika Təhsil Nazirliyində Dünya Bankının təhsil üzrə məsləhətçisi vəzifəsində də çalışmışdır. Professor Aydın Kazımzadə 2011-2020-ci illərdə Bakı Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru olmuşdur.
Səmərəli və məhsuldar elmi fəaliyyətinə görə professor Aydın Kazımzadə 1976-cı ildə Elm və Texnika sahəsində Respublika Komsomol mükafatı Laureatı adına, 1993-cü ildə Beynəlxalq Elm Fondunun Soros mükafatına, 2009-cu ildə Əməkdar Elm xadimi fəxri adına, 2020-ci ildə “Şöhrət” ordeninə və müxtəlif illərdə digər mükafatlara layiq görülmüşdür.
Professor Aydın Kazımzadənin elmi fəaliyyətinin başlıca istiqamətləri: yarımkeçiricilər fizikası: bircins və qeyri-bircins yarımkeçiricilərin elektrik, fotoelektrik, optik və lüminessensiya xassələri; Yarımkeçirici cihazlar: metal-yarımkeçirici kontaktları, homo- və heterokeçidlər; Metal – dielektrik keçidlər; Axma nəzəriyyəsi: Qarşılıqlı təsirlərin birləşdirilməsi; Müəllim hazırlığı və kurrikulum sahəsində təhsil islahatları və sair sahələr üzrədir. İstedadlı alim ilk dəfə olaraq kristallik maddələrdə anomal fotokeçiricilik və elektrik sahəsi ilə induksiyalanmış aşqar fotokeçiriciliyi hadisələrini müşahidə etmiş, yarımkeçiricilərdə Oje rekombinasiyanın yeni mexanizmini təklif etmişdir. Laylı quruluşa malik olan kristallarda keçiriciliyin anomal böyük anizotropluğunun səbəbini aydınlaşdırmış və yüksək optik həyəcanlaşma halında Anderson keçidinin yeni növünü müşahidə etmişdir. Müstəvi və həcmi qəfəslərdə Mott keçidinin kriteriyalarını müəyyən etmişdir. Sendviç fotorezistorlarda fotokeçiriciliyin gücləndirilməsi üçün yeni mexanizm təklif etmişdir.
Fizika fakültəsi ailəsi olaraq Aydın müəllimi yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.
Son XƏBƏRLƏR
03.08.2025 | 00:54
Təbrik edirik
21.07.2025 | 14:36
BDU Fizika fakültəsinin tədqiqatçıları “Texnologiyaların transferi” proqramında qalib olublar
13.07.2025 | 19:02
Allah rəhmət eləsin.
11.07.2025 | 14:16
Fizika fakültəsi Elmi Şurasının cari tədris ilində sonuncu iclası keçirilib
10.07.2025 | 13:43