Təbrik edirik!

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Eldar Qarayevin yubileyidir.
Eldar Səməd oğlu Qarayev 25 yanvar 1956-cı ildə Qərbi Azərbaycanın Qafan rayonunda anadan olub. Orta təhsilini 1963-1973-cü illərdə Bakı şəhər 1 saylı ingilis təmayüllü məktəbində alıb və orta məktəbi “əla” qiymətlərlə bitirib. 1973-cü ildə BDU-nun Fizika fakültəsinə daxil olub və 1978-ci ildə həmin fakültəni fizik, fizika müəllimi ixtisasları üzrə bitirib. 1984-1987-ci illərdə BDU-nun Fizika fakültəsinin aspirantı olub. 1988-ci ildə “Qeyri-üzvi KCNS və K2SO4 duzlarının ikifazalı su-polimer sistemlərinin xassələrinə təsiri” mövzusunda dissertasiya müdafiə edərək "İstilik fizikası və molekulyar fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 2000-ci ildə dosent elmi adını alıb.
Eldar Qarayev 1978-1979-cu illərdə AMEA-nın Fizika İnstitutunun Bioloji Tədqiqatlar Elmi Mərkəzində baş laborant vəzifəsində işləyib. 1979-1981-ci illərdə zabit kimi iki illik hərbi xidmətdə olub. 1982-1995-ci illərdə BDU-nun Fizika fakültəsinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasında baş laborant, müəllim, 1995-2000-ci illərdə baş müəllim, 2005-2012-ci illərdə Fizika fakültəsində tədris işləri üzrə dekan müavini vəzifələrində çalışıb. 2000-ci ildən Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının dosentidir.
Elmi fəaliyyəti əsasən qeyri-üzvi duzlarının ikifazalı su-polimer sistemlərinin xassələrinə təsiri və nanoölçülü epitaksial nazik təbəqələrdə faza çevrilmələrinin tədqiqi ilə bağlıdır. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 140-dan çox elmi işin müəllifidir. O, həmçinin 6 kitabın həmmüəllifidir. Eldar Qarayev BDU-nun nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasının elmi seminarının üzvidir. "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Fizika fakültəsi ailəsi olaraq Eldar müəllimi 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.