TÜRKİYƏLİ ALİM FİZİKA FAKÜLTƏSİNDƏ ÇIXIŞ EDİB
27 oktyabr 2023-cü il tarixində BDU-nun Fizika fakültəsində Türkiyə Cümhuriyətinin Ege Universitetinin Fizika Bölüm başkanı professor doktor Mustafa Təpə “İfratkeçiricilik və YBCO əsasında nazik təbəqələrin sensor tətbiqləri” mövzusunda çıxış edib. Prof. Mustafa Təpə ilk əvvəl aşağı temperaturlu ifratkeçiricilər haqqında, onların kəşfi və müxtəlif sahələrdə tətbiqi barəsində məlumat verib. O, ifratkeçiricilərdə Meyesner effekti və ifratkeçiricilərin faza diaqramı haqqında maraqlı məlumatlar təqdim edib, Yitrium və Bismut əsaslı yuxarı temperaturlu ifratkeçiricilərin sintezi, onlar əsasında nazik təbəqələrin alınması haqqında danışıb. Türkiyəli professor əsasən belə nazik təbəqələrin sensor qismində müxtəlif yüksək həssaslı tibbi cihazlarda tətbiq olunduğu, eləcə də ifratkeçiricilərin sintezi və tətbiqi sahəsindəki yeni nailiyyətlər barədə məlumat verib. Mustafa Təpə iştirakçıların suallarını cavablandırıb.
Daha sonra Mustafa Təpə Ege Universitetində tədrisin və elmi tədqiqatların təşkili, universitetin əldə etdiyi nailiyyətlər barədə danışıb. Seminarın sonunda BDU Fizika fakültəsi ilə Ege Universiteti Fənn fakültəsinin Fizik bölümü arasında tədris və elmi tədqiqatlar sahəsində birgə əməkdaşlıq məsələləri müzakirə olunub.