Türkiyəli professor elmi seminarda çıxış edib

“Fizikada müasir trendlər” (Modern trends in Physics) IX Beynəlxalq Konfransda iştirak edən Türkiyənin Qazi Universitetinin professoru Şəmsəddin Altındal Fizika fakültəsinin elmi seminarında çıxış edib. O, tələbələrə yarımkeçirici və ifratrkeçirici materiallar, həmçinin nanokompozitlər və nanomateriallar haqqında geniş və maraqlı məlumatlar verib. Bu materialların mexaniki, istilik, elektrik, optik xassələri, struktur xüsusiyyətləri, o cümlədən tətbiq sahələri və gələcək perespektivləri barədə danışıb. Bu istiqamətdə nəzəriyyəçi və eksperimentator fiziklərin birgə çalışmalarının daha faydalı olduğunu bildirib. Şəmsəddin Altındal seminarda elmi işlərin necə aparılması, nələrə diqqət yetirilməli olduğu haqqında danışıb, layihə planlarının hazırlanması barədə fikirlərini bölüşüb. O, Azərbaycandakı elm adamları və doktorantlarla əməkdaşlıq etməkdə maraqlı olduqlarını, bu istiqamətdə hərtərəfli dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb. Seminarda Şəmsəddin Altındalın doktorantları olan Çiğdem Şükriye Güçlü və Ahmet Demirçi apardıqları tədqiqatlrın nəticələrini təqdim ediblər və öz fikirlərini bölüşüblər.
Seminar fəal müzakirələrə səbəb olub, birgə tədqiqatlar üçün potensial istiqamətlərin müəyyənləşdirilməsi və gələcək əməkdaşlıq layihə təkliflərinin hazırlanması üzrə fikir mübadiləsi aparılıb.