Türkiyənin Orta Doğu Texniki Universitetinin professorunun BDU-da ustad dərsi
Bakı Dövlət Universitetində (BDU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Fizikada müasir trendlər" (“Modern trends in physics”) mövzusunda elmi konfrans çərçivəsində Türkiyənin Orta Doğu Texniki Universitetinin professoru Təhmasib Əliyev Fizika fakültəsinin əməkdaş və tələbələri üçün “Nəzəri fizikanın müasir problemləri” mövzusunda ustad dərsi keçib.
O qeyd edib ki, müasir fizikanın ən mühüm problemlərindən biri qaranlıq maddə problemidir. Qaranlıq maddə bizim kainatımızın təxminən 20%-ni təşkil edir. Məruzəçi müasir fizikanın digər problemi kimi Hiqqs sahəsinin kvantları olan Hiqqs zərrəciyinin (bozonların) öyrənilməsini göstərib. Bu zərrəcik 2012-ci ildə Avropa Nüvə Tədqiqatları Mərkəzində (CERN) kəşf olunub. Təhmasib Əliyev fizikanın aktual problemlərindən birinin də yeni ekzotik zərrəciklər olduğunu deyib. Dünyanın müxtəlif elmi mərkəzlərində yeni növ zərrəciklər – pentakvark və tetrakvarkdan ibarət sistemlər kəşf olunub. İndi belə sistemlərin sayı 20-dən çoxdur. Belə ekzotik sistemlərin varlığı barədə nəzəriyyəci fiziklər hələ 60 il əvvəl fikir irəli sürüblər. Hazırda onların kəşfi böyük maraq kəsb edir.
Sonda məruzəçi iştirakçıların suallarını cavablandırıb.