Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müəlliminin yubileyi
Bu gün Bakı Dövlət Universitetinin Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müəllimi, fizika üzrə fəlsəfə doktoru Aidə Əhmədovanın yubileyidir.
Aidə Baba qızı Əhmədova 01 iyun 1973-cü ildə Quba rayonunda anadan olub. 1980-1990-cı illərdə Bakı şəhəri Nəsimi rayonu 5 saylı orta məktəbdə təhsil alıb və orta məktəbi “əla” qiymətlərlə bitirib. 1992-ci ildə BDU-nun Fizika fakültəsinə daxil olub və 1997-ci ildə həmin fakültəni fizik, fizika müəllimi ixtisası üzrə bitirib. 2011-2015-ci illərdə Qafqaz Universitetində aspirant olub. 2018-ci ildə dissertasiya müdafiə edərək Nanoquruluşların fizikası və texnologiyası ixtisasında Fizika elm sahəsi üzrə Fəlsəfə doktoru elmi dərəcəsini alıb.
Aidə Əhmədova Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müəllimi və Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin rəhbəridir. Nanokompozitlərin quruluşu və xassələri sahəsində elmi tədqiqatlar aparır. Elmi mətbuatında dərc olunmuş 20-dən çox elmi işin müəllifidir.
Aidə xanım xoş xasiyyəti və sadəliyi ilə Fizika fakültəsinin kollektivinin dərin hörmətini və tələbələrin böyük rəğbətini qazanıb. Aidə xanım mehriban insan olmaqla yanaşı gözəl həyat yoldaşı və gözəl anadır. Onun 1 qızı və 1 oğlu var. Həyat yoldaşı Hikmət Əhmədov Vergilər Nazirliyində işləyir, qızı Ləman magistr, oğlu Nicat isə tələbədir.
Fizika fakültəsi ailəsi olaraq Aidə xanımı yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.