Ümumi fizika və FTM kafedrasının elmi seminarı keçirilib
29 oktyabr 2024-cü il tarixində Fizika fakültəsinin Ümumi fizika və FTM kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın müəllimi Süleyman Sərməsov “PBTL əsasında heterokeçidlərin hazırlanması” mövzusunda çıxış edib. Məruzəçi qeyd edib ki, PbTe əsaslı heterokeçidlər yarımkeçirici texnologiyasında mühüm rol oynayan materiallardan biridir. Qurğuşun tellurid (PbTe) özünün aşağı qadağan olunmuş enerji səvviyələri və yüksək effektiv termoelektrik xüsusiyyətlərinə görə fərqlənir, bu da onu müxtəlif tətbiq sahələrində, xüsusən də termoelektrik generatorlar, soyuducu qurğular və infraqırmızı detektorlar kimi cihazların hazırlanmasında geniş istifadə etməyə imkan verir. PbTe əsaslı heterokeçidlərdə fərqli yarımkeçirici materialların bir-birilə təmas etməsi nəticəsində yaranan heterostrukturlar xüsusi xüsusiyyətlərə malikdir, bu da onların fiziki xüsusiyyətlərinin optimallaşdırılmasına və müxtəlif tətbiqlər üçün uyğunlaşdırılmasına imkan verir.
PbTe əsaslı heterokeçidlərin hazırlanması yarımkeçirici texnologiyasında önəmli bir istiqamət olaraq qalır. Onların fiziki və elektro-fiziki xassələrinin müxtəlif tətbiq sahələrinə uyğunlaşdırılması üçün müxtəlif texnologiyalar və yeni üsullar tətbiq edilir. Bu istiqamətdə aparılan tədqiqatlar heterokeçidlərin effektivliyini artıraraq yeni texnoloji həllərin inkişafına töhfə verir.