ÜMUMİ FİZİKA VƏ FTM KAFEDRASININ MÜDİRİNİN YUBİLEYİ
Bu gün Bakı Dövlət Universitetinin Ümumi fizika və FTM kafedrasının müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Rəhim Rəhimovun yubileyidir.
Rəhim Şükür oğlu Rəhimov 10 sentyabr 1958-ci ildə İsmayıllı rayonunun Topçu kəndində anadan olub. 1965-1975-ci illərdə Topçu kənd orta məktəbində təhsil alıb və orta məktəbi “əla” qiymətlərlə bitirib. 1976-ci ildə BDU-nun Fizika fakültəsinə daxil olub və 1981-ci ildə həmin fakültəni fizik, fizika müəllimi ixtisası üzrə bitirib. 1984-1988-ci illərdə BDU-nun Yarımkeçiricilər fizikası kafedrasının aspirantı olub. 1990-cı ildə “Ag3 In5 Te9 üçqat yarımkeçirici birləşməsinin elektrofiziki xassələrinin tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək “Yarımkeçiricilər fizikası” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 2006-cı ildə dosent elmi adını alıb.
Rəhim Rəhimov 1981-1984-cü illərdə İsmayıllı rayonunun Topçu kənd orta məktəbdə fizika müəllimi işləyib. O, BDU-nun Fizika fakültəsinin “Ümumi fizika və FTM” kafedrasında 1984-1988-ci illərdə laborant, 1988-1994-cü illərdə baş laborant, 1994-1998-ci illərdə 0.5şt. müəllim, 1998-2003-cü illərdə müəllim, 2003-2005-ci illərdə baş müəllim, 2005-2022-ci illərdə dosent vəzifələrində çalışıb. 2022-ci ildən Ümumi fizika və FTM kafedrasına rəhbərlik edir. “Yarımkeçirici birləşməsinin elektrofiziki xassələrinin tədqiqi” və “Fizikanın tədrisi metodikasının müasir problemləri” sahələrində elmi tədqiqatlar aparır. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 70-dən çox elmi işin müəllifidir. O, həmçinin 4 kitabın həmmüəllifidir. Rəhim Rəhimov Fizika fakültəsinin Elmi Şurasının üzvidir. "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.
Fizika fakültəsi ailəsi olaraq Rəhim müəllimi 65 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı və elmi-pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.