Yarımkeçiricilər fizikası kafedrasının doktorantı elmi seminarda çıxış edib
25 oktyabr 2024-cü il tarixində Fizika fakültəsi Yarımkeçiricilər fizikası kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın fəlsəfə doktoru proqramı üzrə doktorantı Lamiyə Babayeva Ga1-xBxSe kristalının sturuktur xassələrinin tədqiqi" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Ga1-xBxSe materialının struktur və səth analizləri, onun optik siqnalların elektrik siqnallarına çevrilməsi üçün potensial fotodetektor materialı kimi tətbiqi sahəsində əldə edilmiş elmi nəticələri təqdim edib. Lamiya Balayeva qeyd edib ki, araşdırmalar üç əsas mərhələdə aparılıb. Birinci mərhələdə nümunələr Bakı Dövlət Universitetinin Yarımkeçiricilər Fizikası kafedrasının laboratoriyalarında sintez edilib. İkinci mərhələdə isə materialın struktur xassələri Yıldız Texnik Universiteti və Peloponnes Universitetində tədqiq olunub. Üçüncü mərhələdə Ga1-xBxSe materialının elektrik və optik xassələri öyrənilib. Sonda əldə edilən nəticələr əsasında fotodetektorların hazırlanması məqsədi qoyulub.
Lamiyə Balayevanın təqdim etdiyi elmi araşdırma seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub. Bu tədqiqat, Ga1-xBxSe materialının fotodetektorlar sahəsindəki potensial tətbiqlərinə dair perspektivli yanaşmalar ortaya qoyaraq elmi ictimaiyyətdə xüsusi diqqət doğurub.